Zirzəmidən çıxan "Kəpəz" - Azər Bağırov Gəncə klubunu mübarizəyə qaytardı

15:27 - 1 Dekabr 2024

Mövsümün əvvəlində ardıcıl məğlubiyyətləri sıralayan "Kəpəz" çarəsiz xəstəyə bənzəyirdi. Qurtuluşu yox kimi görünürdü. Azər Bağırov gələndə "Kəpəz"in nə xalı var idi, nə də ümid verən oyunu. 

Nəhayət, 15-ci turda "Kəpəz" son pillədən qurtuldu. Çox vacib matçda qələbə qazanmaqla, həm "Səbail"i turnir cədvəlində keçdi, həm də "Şamaxı" ilə arasındakı xal fərqini 3-ə endirmiş oldu. 

Azər Bağırovun gəlişindən sonra komanda 10 xal toplayıb. "Neftçi" üzərində qələbə, "Sabah"la heç-heçə hər nə qədər diqqətçəkən olsa da, Premyer Liqada qalmaq uğrunda vacib nəticələr "Səbail" və "Şamaxı" ilə oyunlarda qazanıldı. Əsas rəqiblərini məğlub eləyən "Kəpəz" mübarizəyə qayıtdı. 

Azər Bağırovun gəlişinə qədər rəqiblərin aşkar sonuncu gözü ilə baxdığı "Kəpəz" daha əvvəlkitək bitmiş kollektiv kimi görünmür. Nə "Şamaxı" bu günə qədər olduğu kimi rahatdır, nə də "Səbail". 

Qış fasiləsinə 3 tur qalıb. "Kəpəz"i qarşıda "Zirə", "Neftçi" və "Sumqayıt"la oyunlar gözləyir. Bu matçlarda 3-4 xal qazansalar, qış fasiləsinə rahat yollana biləcəklər. Xüsusilə də, 18-ci turda "Sumqayıt"la oyun vacib olacaq. Çünki Premyer Liqada qalmaq uğrunda mübarizə aparan birbaşa rəqiblərlə qazanılan nəticələr xal fərqini azaltmaq üçün əla imkan sayılır. 

Həmid

Xəbər xətti