"Onu millimizin baş məşqçisi kimi görmək istəyərdim, amma hazırda ən vacibi uşaq futboludur"

13:46 - 8 Dekabr 2024

Azərbaycanlı futbol məşqçisi Adil Şükürov Sportal.az saytına açıqlama verib. O, Azərbaycan milli komandasının baş məşqçi postunda ediləcək mümkün dəyişikliyə münasibət bildirib.

Şükürovun AFFA-nın Fernandu Santuşla yollarının ayırmasının millimizə necə təsir göstərə biləcəyini şərh edib: 

"Fernandu Santuşun Azərbaycan milli komandasına baş məşqçi təyin olunmasının bizə xeyri nə oldu, gedişi necə təsir edəcək, bunların hamısına AFFA-nın hazırladığı strategiyanın açıqlamasından sonra aydınlıq gələcək. Ona görə bir az səbirli olmaq lazımdır. İtirə biləcəyimizi tamam itirdik, qazancımız isə D divizionu oldu. Millinin baş məşqçi postuna yerli, yoxsa xarici mütəxəssisin gətirilməsini də bilmirik. Biz bunları ancaq Azərbaycan futbolunun inkişaf strategiyasını gördükdən sonra biləcəyik. Ümumiyyətlə, seçdiyimiz strategiyanın istiqaməti və onunla hansı yolu qət edib-etməyəcəyimiz də önəmli məqamdır. 

A millimizin baş məşqçi postunda Arif Əsədovu görmək istəyərdim. Amma Arif müəllim özü millimizdə çalışmağa razılaşacaq, ya yox onu deyə bilmərəm. Uşaq futbolu isə bizim indiki dönəm üçün ən vacib məsələdir. Çünki A millisində məşqçinin kimliyindən asılı olmayaraq keyfiyyət üst pilləyə çıxmasa, uğursuzluq davam edəcək. Ona görə biz daha çox uşaq futboluna yatırım etməliyik və uşaq futbolunun problemlərin həll etməyə çalışmalıyıq. A milli komandamızın C divizionuna geri qayıdacağına şübhə də etmirəm. Lakin qayıdışın necə olacağı çox önəmlidir. Milliyə qazandırılacaq futbolçularla hara qədər gedə biləcəyimizi də görəcəyik.Suallar çoxdur, həlli yolu isə strategiya bəlli olduqdan sonra bilinəcək"

Mirbağırağa

Xəbər xətti