Qurban Qurbanov: "Elfsborq"a qalib gəlmək gücündəyik"

22:02 - 11 Dekabr 2024

"Qarabağ" Avropa Liqası Liqa fazasının 6-cı turu çərçivəsində sabah İsveçdə "Elfsborq"un qonağı olacaq.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hər iki komanda üçün vacib oyundur. Aramızda xal fərqi azdır. Rəqibin baş məşqçisinin açıqlamalarını oxumuşam. Hiss olunur ki, çox ciddi hazırlaşırlar və səbrsizliklə bu oyunu gözləyirlər. Sabah bizə daha çox güc sərf etmək lazım olacaq. Səliqəli oynamaq çox vacibdir. Çalışacağıq ki, meydanı sərfəli nəticə ilə tərk edək. Sabahkı matça tam olmasa da, hazırıq.

- Komandanın qələbə qazanmaq şansı var?

- Əvvəldə qeyd etdiyim kimi çox vacib oyundur. 3 xal qazanacaq gücdəyik. Futbol elə səviyyəyə gəlib çıxıb ki, istənilən komanda rəqibindən 3 xal ala bilər. Sabah qarşımızda intizamlı rəqib olacaq. Düşüncələrimiz tam həyata keçsə, "Elfsborq"a qalib gəlmək gücündəyik. Diqqətli və intizamlı oynayıb bunu əldə edə bilərik. Bu güc bizdə var. Amma digər nəticələri də gözə almalıyıq.

- Heyətdə itkilər var. Start heyəti müəyyənləşdirmisiz?

- Bəli itkilərimiz var, ələlxüsus da müdafiə xəttində. Kevin Medina, Bəhlul Mustafazadə yoxdur. Bu, görünən tərəfidir. Bundan başqa bəzi oyunçuların mikro zədələri var. Bu, bizi narahat edir. Sabaha kimi vaxtımız var. Həkimlərlə məsləhətləşəndən sonra qərarımızı verəcəyik. Meydança amili də var. Süni örtük həmin zədələrə mənfi təsir edə bilər. Təcrübəli oyunçulara sahibik. Həmin mövqelərdə düzgün addımlar atmağa çalışacağıq.

Elçin Əlixan

Xəbər xətti