Kurban Berdiyev: "Layiqli qələbə qazandıq"

19:32 - 12 Aprel 2025

"Turan Tovuz" Misli Premyer Liqasının 30-cu turu çərçivəsində doğma meydanda "Sabah"ı 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Düşünürəm ki, layiqli qələbə qazandıq. Matça yaxşı başlamamışdıq. İkinci hissədə oyunun gedişatını tamamilə dəyişdik.

- Qırmızı vərəqə gördüyünüz epizodu necə şərh edərdiniz?

- Karyeramda ilk qırmızı vərəqə idi. Emosiyalar var idi. Bu cür davranmalı deyildim. Rəqibin hücumçuları Hurtadoya qarşı açıq ayaqla oynayırdılar. Amma hakim səssiz qalırdı.

- Bu qələbə komandaya əlavə motivasiya verə bilər?

- Buna ümid edirəm. Üzərimizdə psixoloji təzyiq var idi. Bu qələbədən sonra təzyiqin aradan qalxdığını düşünürəm.

- Oyunu tribunadan izlədiniz. Komandanın oyunu oradan necə görünürdü?

- İkinci hissədə 4 müdafiəçiyə keçdik və Jonu irəliyə buraxdıq ki, orada təzyiq etsin. Bu da işə yaradı. Tribundan baxmağa gəlincə, bir daha oyunu oradan izləmək istəmərəm.

- Sizin üçün avrokuboklara getmək üçün çempionatda 3-cü olmaq realdır, yoxsa "Qarabağ" və ya "Araz-Naxçıvan"ın kuboku qazanmasına ümid etmək?

- Biz heç kimdən asılı olmaq istəmirik. Oyundan oyuna hazırlaşırıq. Kiminsə uğursuzluğuna yox, öz oyunumuza köklənirik.

Elçin Əlixan

Xəbər xətti