Fernandu Santuş Macarıstan məğlubiyyətindən sonra millinin oyunundan razı qaldığını deyib. Əslində, pis nəticələrə rəğmən razılıq etmək təzə əlamət deyil futbolumuzda. Bu günə qədər millimizdə çalışan əcnəbi məşqçilərdən tez-tez belə fikirlər eşitmişik.
Santuşun da "razıyam" deyib vaxt uzatmaqdan başqa əlindən nə gəlir ki... Onu hal-hazırda pul düşündürür. Santuş pulunu son qəpiyinə qədər almasa, gedəsi deyil. Bu, təzminat formasında da ola bilər, müqaviləni sona qədər işləməklə də.
Zatən, milli yaxşı nəticə göstərəsi deyildi. Bunu lap başdan Santuş da bilirdi, onu bura gətirənlər də. Amma köhnə ənənələri davam etdirməkdə maraqlı olan yeni AFFA rəhbərliyi əcnəbilərə pul qazandırmaq yolundan geri çəkilməməklə Santuşun da adını yazdırdılar milli komandamızın uğursuz tarixinə.
Santuş razı olsa da, biz narazıyıq. AFFA da qalıb bu iki tərəfin ortasında. Nə razılıq edə bilmirlər, nə də narazılıq. 10 oyunluq qələbəsizlikdən sonra razılığın qarşıdakı rəsmi oyunlarda biabırçı nəticələrə gətirib çıxaracağının fərqindədilər. Narazılıq da edə bilmirlər ki, o halda gərək Santuşa böyük təzminat verib yola salsınlar.
Bəs, necə olsun?
Heç kim məsuliyyəti üzərinə götürmək istəmir.
Belə bir qeyri-müəyyən durum yaranıb. Uğursuzluq həmişəki kimi yetim qalıb, sahib çıxan yoxdur.
Həmid
saytlarin hazirlanmasi