“Sözün açığı, vaxt olduqca Yunanıstan çempionatını, bu ölkənin klublarının avrokuboklardakı çıxışına da baxıram. Lakin düzü, çox da daimi izlədiyim liqa deyil. Əvvəllər formasını geyindiyim "Larissa"nın oyunlarına göz gəzdirirəm. Yunanıstandakı karyeram çox yaxşı başlamışdı. Gedəndən sonra dərhal oynamağa başlamışdım. Meydana çıxdığım oyunlarda da özümü ən yaxşı tərəfdən göstərə bilirdim. Sadəcə orada baş məşqçi dəyişikliyi oldu və bundan sonra mənim üçün də hər şey dəyişdi. Hər halda, təcrübə qazanmışdım. Bu təcrübə də həmişə yadımda xoş xatirə kimi qalacaq".
Bu sözləri Sportal.az saytına açıqlamasında Yunanıstanın "Larissa" klubunda legioner həyatı yaşamış Amit Quluzadə deyib. O, daha sonra Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Araz-Naxçıvan”ın Yunanıstanın “Aris” klubuna qarşı keçirəcəyi görüşlərdəki şanslarını dəyərləndirib.
Quluzadənin fikrincə, “Araz-Naxçıvan"ın mərhələ adlamaq şansı da var: “Etiraf etməliyik ki, "Araz-Naxçıvan"a çətin rəqib düşüb. "Aris" Yunanıstanın böyük klublarından biridir. Çox çılğın azarkeşləri var. "Araz-Naxçıvan" üçün asan olmayacaq. “Aris” də mövsümü yeni açır, transferləri çoxdur, bu mənada, şans da var. Hər iki komandanın çox da oyun praktikası olmayacaq. Ona görə bu şansdan istifadə etmək olar. Yoxsa, belədə "Aris" ilk mərhələdə düşə biləcək ən çətin rəqiblərdən idi".
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” qarşılaşmaları iyulun 24-ü və 31-də baş tutacaq.
Mirbağırağa