“Vulverhempton”un baş məşqçisi Vitor Pereyra komandanın məğlubiyyətindən sonra azarkeşlərlə mübahisə edib. Komanda İngiltərə Premyer Liqasının 9-cu turunda evdə “Bernli”yə 2:3 hesabı ilə uduzub, həlledici qolu 95-ci dəqiqədə buraxıb.
Sportal.az xəbər verir ki, final fitindən sonra Pereyra tribunaya yaxınlaşaraq azarkeşlərlə söz atışmasına girib. Azarkeşlər baş məşqçiyə ünvanən “Səni səhər işdən çıxaracaqlar!” – deyə şüarlar səsləndiriblər.
Pereyra oyundan sonra bunları deyib:
“Biz çox çalışırıq və birlikdə mübarizə aparmalıyıq. Komanda qalib gəlmək üçün meydanda bütün gücünü sərf etdi. Azarkeşlərin məyusluğunu anlayıram, amma demək istəyirəm ki, əgər onlarla birlikdə vuruşsaq, qalib gələ, rəqabət apara və məqsədlərimizə çata bilərik. Onsuz bu mümkün deyil.
Əgər iki-üç oyunu ardıcıl qazansaq, hər şey dəyişəcək. Cəmi iki ay əvvəl onlar mənim adımı oxuyurdular, çünki ötən mövsümdəki işimiz sayəsində biz bu gün Premyer Liqadayıq, Çempionşipdə yox. İndi isə məni istefaya çağırırlar. Əgər mən azarkeş olsaydım, komandamla qürur duyardım, çünki futbolçular meydanda döyüşdülər, xarakter, mentalitet və qələbə istəyi göstərdilər”.
Hazırda “Vulverhempton” Premyer Liqa cədvəlində sonuncu pillədə qərarlaşıb, 9 turdan sonra cəmi 2 xal toplayıb.
saytlarin hazirlanmasi
