Tənqidə mənəvi haqqı çatmayanlar - Qurban Qurbanova işini öyrətmək azarkeşlik deyil

15:40 - 28 Oktyabr 2025

Dünən “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində ilk xallarını itirdi. “Cindirella Story” (Sindirella nağılı – məşhur Sindirella nağılından ilham alan bu söz aşağı sinifdən gəlib elitaya düşənləri vəsf etmək üçün istifadə olunur) əvvəl axır bitməli idi.

Bilbaoda iki gün keçirib, imkan daxilində Komanda.az oxucusuna maraqlı və faydalı məlumatlar ötürməyə çalışdım. İstər saytda, istərsə də sosial media platformalarındakı paylaşımlara diqqət göstərənlərə minnətdarlığımızı ifadə edirik.

Həm oyundan əvvəl, həm də sonra hər iki baş məşqçinin mətbuat konfranslarında iştirak etdim, şəhəri gəzib insanlarla söhbətləşdim.

Kaş Azərbaycan futbol izləyicisi Bilbaonu “Atletik”in oyun günündə təcrübə edə biləydi.

Yəqin ki, “Xəzər Lənkəran” azarkeşlərinin ürəyindən indi “siz o vaxt Lənkəranı görəydiz” sözləri keçdi.

Amma gerçək budur ki, bu gün Azərbaycan futbol izləyicisi bizim klubların dəstəkçisi olaraq kiçilib, büzüşüb, yoxa çıxmış kimi bir şeyə çevrilib.

Məsələ sadəcə o deyil ki, çempionat oyunlarına ortalama 300 nəfər baxır. Məsələ klubla bağlılıqdır, kluba sahib çıxmaqdır.

“Atletik”in bilbaolular və ümumən basklar, ya da, öz dillərində deyəsi olsaq, euskallar üçün dəyəri məlumdur. Yerli qəzetin idman yazarıyla söhbətdə jurnalist xanım dedi ki, “klub peşəlar insanlar tərəfindən çox yaxşı idarə olunur”. Yəni, klubla xalq arasında möhkəm bağ var.

Amma etnik deyil, ictimai anlam daşıyan və ya sadəcə atasının-babasının sevimlisi olduğu üçün azarkeşlik edilən klubların tərəfdarları da belədir. Əvvəla, oyunlara bahalı biletləri almaq, klub loqolu original məhsulları mağazadan sifariş vermək, ianələr ilə maddi dəstək olurlar, eyni zamanda mənəvi dəstəklərini də göstərirlər. Ən pis vəziyətində belə, klubun yanındadılar. “Şalke” o möhtəşəm günlərdən uzaq olsa da, 2-ci Bundesliqa oyunlarında nəhəng “Veltins Arena” demək olar tam dolur.

Bunun “Panatinaikos”u var, bunun “Srvena Zvezda”sı var, bunun PSV-si var, bunun “Göztəpə”si var. Çox var.

Xalq olaraq bəlkə, kasıbçılığın üstünə bir az günah yıxa bilərik. Amma “Braqa”yla oyunun qəhrəmanı, “Ferentsvaroş”u keçərkən şəninə mədhiyələr düzülən 21 yaşlı Nəriman Axundzadəni bütün sosial medianın linçləməsini hara yazaq? Bəli, mətbuat konfransında Nərimanın köklənmə əskikliyi haqda mən soruşdum. Amma dedim qoy Qurban hoca izah etsin, anlatsın ki, uşaqların üstünə belə düşmək olmaz.

Çempionat oyunları vaxtında pivəxanada “Qalatasaray” və “Fənərbaxça”nı izləyib, sonra “Çelsi” ilə oyunda Tofiq Bəhramov adına stadiona gəlmək, ardınca da “feysbuk”da Qurban Qurbanova işini öyrətmək azarkeşlik deyil.

Baxıram, Yankoviçi (bəziləri heç Markonu Ukraynanın keçmiş prezidentindən ayırd edə bilmir) vaxtında oyuna salmadığı üçün baş məşqçini tənqid edənlər var. Halbuki monteneqrolu futbolçu zədədən təzə qayıdıb, fiziki hazır deyil. Oyunda da demək olar bütün ikili mübarizələri uduzdu, neçə dəfə müvazinətini saxlaya bilməyib yıxıldı.

Oyun günü bütün Bilbao futbol qoxurdu. Hər yerdə qırmızı çubuqlu formayla insanlar gəzirdi. Özü də yüksək əhvalda. Heyf ki, oyundan sonra da kefləri yaxşı idi. Otelimizə yaxınlaşarkən arxadan velosipedlə gələn iki oğlan “Atletik” deyib qışqıraraq, yumruqları havada yanımızdan ötüb keçdilər.

Mən isə ürəyimdə Azərbaycana Bilbaoda gördüyüm futbol mühitini və azarkeşliyini arzulamaqdan başqa bir şey edə bilmədim…

VüsalAydınQəmbərov
Komanda.az

Xəbər xətti