"Neftçi"nin veteran hücumçusu Nadir Nəbiyev Sportal.az saytına müsahibə verib. O, “ağ-qaralar”ın bu mövsümkü çıxışından və Vensan Abubakarın Misli Premyer Liqasının 9-cu turunun “Qəbələ”(0:2) ilə səfər görüşündəki performansından danışıb.
- “Neftçi” bu mövsüm Misli Premyer Liqasında 9 turdan sonra 12 xal qazanıb və turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Gözləntilər yüksək idi. Bu cür nəticəni necə dəyərləndirirsiniz?
- Mən də hamı kimi, “Neftçi”dən daha yaxşı başlanğıc gözləyirdim. Bir neçə oyunda yaxşı oynasalar belə, qələbə qazana bilmədilər. Bəzi oyunlarda da hücumda ələ düşən fürsətlərdən istifadə edə bilmədilər.
- Samir Abasov ötən mövsümdən bu yana komandanın baş məşqçisidir. O, yayda heyəti demək olar ki, tam dəyişdi və komandaya yeni oyunçular cəlb edildi. Demək olar ki, hazırkı heyət onun tam istədiyidir və ondan "Neftçi"ni çempion etməsini gözləmək olar?
- İnanmıram ki, Samir Abasov istədiyi heyəti tam olaraq yığıb. Çünki bəzi mövqelərdə axsamalar aşkar şəkildə görünür. Xüsusən də, hücum xəttində problem açıq sezilir. Bu mənada, Vensan Abubakar “Neftçi” üçün yaxşı transfer oldu.
- "Neftçi"nin çempionluq şansını necə görürsünüz? Səncə, "Neftçi"yə çempion olmaq üçün nə lazımdır?
- Qarşıda hələ çox oyun var. Cəmi 9 tur geridə qalıb. “Neftçi” turnir cədvəlində mövqeyini yaxşılaşdıra bilər. Amma çempionluq çox çətin görünür. Hər halda, mövsümün gedişi göstərəcək.
- “Neftçi" Vensan Abubakarla müqavilə imzaladı. Kamerun millisinin forvardı "Neftçi"nin çempionluq mübarizəsində olması üçün köməklik göstərə biləcək?
- Abubakar elə ilk oyunda komandaya fayda verdi. Həm ilk qolda, həm də ikinci qolda mövqe seçimi ilə nə qədər təcrübəli futbolçu olduğunu gördük.
- Premyer Liqada “Neftçi” qarşıdakı turda "Kəpəz", daha sonra isə "Qarabağ"la oyayacaq. Yəqin ki, Abubakar "Neftçi"yə "Qarabağ"la görüşdə start heyətində daha çox lazımdır? Bunu əsas götürsək, budəfəki Azərbaycan derbisinin fərqli məcrada keçəcəyini gözləmək olar?
- Abubakarın gəlişindən sonra "Neftçi"nin daha yaxşı olacağını indidən deyə bilərik. Tam formaya düşdükdən sonra “Neftçi”nin start heyətində yer alacağına isə şübhə də yoxdur. “Neftçi” azarkeşləri bu mövsüm komandadan ən yaxşı olmasını istəyir. Nəticələr yaxşı olmalıdır ki, onlar da komandanı daha çox dəstəkləsin. Sırf Azərbaycan derbisindən danışırıqsa, mənə elə gəlir ki, bu mövsüm “Neftçi” – “Qarabağ” görüşlərin daha da maraqlı olacaq. Ən azından mən bu cür olacağını gözləyirəm.
Mirbağırağa
