"Şamaxı"nın qapıçısı Rikardo Fernandeş Sportal.az saytına müsahibə verib.
- Komandan 12-ci turda "Sabah"la 0:0 oynadı. “Sabah” liqanın iddialı klublarındandır, amma onlardan bir xal almağı bacardınız. Bir xal sizi razı saldı?
- "Sabah"ın evində oynamaq həmişə çətin səfərə çevrilir. Biz həmişə mümkün olan ən yaxşı nəticə üçün çalışırıq və mübarizə aparırıq. Bütün xallar bizim üçün vacibdir.
- "Şamaxı" hazırda turnir cədvəlində 14 xalla 9-cu pillədədir. "Neftçi"dən cəmi bir xal geridəsiniz. "Şamaxı"nın potensialı nəyə imkan verir? Avrokuboklar uğrunda mübarizəyə qoşula bilərsiniz?
- Daxildən dəqiq müəyyən edilmiş məqsədlərimiz var. Məqsədimiz bütün oyunlarda mümkün olan ən yaxşı nəticəni əldə etməyə çalışmaqdır. Oyundan-oyuna, məşqdən-məşqə bunun üçün can atırıq. Təbii ki, daha çox iş görərək və təvazökarlıqla bunu reallaşdırmaq olar.
- “Şamaxı" növbəti turda "Sumqayıt"la qarşılaşacaq. "Sumqayıt" bu mövsüm daha iddialıdır. Səncə, "Şamaxı" rəqibini məğlub edə bilər? Yoxsa, bir xal da sizin üçün yetərlidir?
- Şübhəsiz ki, “Sumqayıt” əla mövsüm keçirir və cəlbedici, hücum futbolu oynayır. Azarkeşlərimizin qarşısında oynayacağıq və onlara sevinc bəxş etmək üçün mübarizə aparacağıq. İş və öhdəlik vəd edə bilərik.
- Mətbuatda yayılan xəbərlərə görə, "Sabah" səninlə maraqlanır. Maraqlıdır, "Sabah"ın təklifi rəsmi və ciddi olarsa, səni yeni mövsümdən həmin komandada görə bilərik? Səhv etmirəmsə, yayda onların təklifini qəbul etmədin və "Şamaxı"da qalmağa üstünlük verdin...
- Mən bu məsələyə şərh vermirəm. Keçmişdən danışmağa dəyməz. mən “Şamaxı”nın futbolçusuyam.
- Ayxan Abbasov milli komandanın mətbuat konfransında ona verilən suala cavab olaraq bildirmişdiki: “Bəlkə elə Rikardo Fernandesi Azərbaycan yığması üçün milliləşdirək?". Maraqlıdır, zamanı gələndə, AFFA təklif göndərsə, millimiz üçün oynamağa razılıq verərsən?
- Adımın Azərbaycan millisi ilə hallanmasına şadam. Mən bu ölkədə özümü xoşbəxt hiss edirəm. Amma bu kimi məsələlər daxili və məsul şəxslərlə müzakirə olunmalı məsələlərdir.
Mirbağırağa
