"Şamaxı"nın braziliyalı müdafiəçisi Antonio Lara Sportal.az saytına müsahibə verib.

- “Şamaxı” Misli Premyer Liqasının 12-ci turunda “Sabah”la 0:0 bərabərə qaldı. Həmin matçda qalib gələ bilərdiniz, qol şanslarınız var idi. Həmin bərabərlik sizə böyük inam verdimi? Çünki "Sabah" çempionluğa iddialı klublardandır...

- Bəli, çox yaxşı oyun idi. Hücumda daha çox şanslı olsaydı, qalib gəlməyimiz də mümkün idi. Amma hər halda, xal qazandıq, yolumuza davam edirik.

- "Şamaxı" bu gün "Sumqayıt"la qarşılaşacaq. Bu komanda ilə evdə keçiriləcək matçdan gözləntiləriniz nədir? Qalib gələ biləcəyinizi düşünürsən?

- İlk dövrədə onlara qarşı oyun yaxşı alınmışdı. Həm bizim, həm də “Sumqayıt”ın qalib gəlmək şansı yaranmışdı. Daha bir çətin oyun olacağını gözləyirik. Amma həmişəki kimi qalib gəlmək üçün oynayacağıq. 

- “Şamaxı" hazırda 14 xalla turnir cədvəlində 9-cu yerdədir. Bu vəziyyət yəqin ki, sizi qane edir? Sizcə, komanda turnir cədvəlində daha yuxarı yerlərə yüksələ bilər?

- Düşünürəm ki, komandamızın daha yüksək yerlər uğrunda mübarizə aparmaq üçün keyfiyyəti var. Biz də məhz buna nail olmağı hədəfləyirik.

- Azərbaycan Premyer Liqası haqqında nə düşünürsən, çempionatda ən çox bəyəndiyiniz və bəyənmədiyiniz məqamlar hansılardır?

- Şübhəsiz ki, Premyer Liqa güclüdür. Burada oynamaq fürsətinə sahib olduğum üçün şadam.

- "Şamaxı"da özünüzü göstərmək və daha iddialı klublara keçmək istəyiniz var? "Qarabağ", "Neftçi", "Sabah", "Araz-Naxçıvan", "Turan Tovuz", "Zirə" kimi iddialı klubları nəzərdə tuturam...

- Burada olmaq fürsətinə görə şadam və minnətdaram. Hazırda diqqətim “Şamaxı”dadır və komanda üçün əlimdən gələni edəcəyəm.

- Azərbaycan Premyer Liqasında hansı rəqibə qarşı oynamaq ən çətin idi?

- Çətin oyunlarımız az deyildi. "Qarabağ", "Turan Tovuz", "Zirə" və elə digər komandalar da çox güclüdür. Azərbaycan çempionatında asan oyun yoxdur.

- Sonuncu dəfə Qətər liqasında oynamısan. Bundan əvvəl Litva və Portuqaliya liqalarında da çıxış etmisən. Azərbaycan çempionatı Qətər liqasından daha güclüdür?

- Bu, fərqli oyun tərzi olan liqadır. Həm Qətər, həm də Azərbaycan çempionatının öz xüsusiyyətləri var. Amma düşünürəm ki, hər bir futbolçunun karyerası üçün Azərbaycan çempionatına gəlmək karyeranda irəliyə addım deməkdir. 

Mirbağırağa