"Qəbələ"nin kapitanı: "Milli komanda yaralı yerimdir" - MÜSAHİBƏ

18:38 - 6 Dekabr 2025

"Qəbələ"nin kapitanı Murad Musayev Sportal.az saytına müsahibə verib:

- Kubokda "Şəfa"nı məğlub etdiniz. Oyunu necə dəyərləndirirsən?

- Belə oyunlar hər zaman çətin keçir. Çünki rəqib komandalar daha motivasiyalı və istəkli olur. Bizim üçün matça köklənmək bir az çətin idi. İstər-istəməz arxayınlıq yaranır. Şükürlər olsun ki, oyuna yaxşı reaksiya verə bildik. Bizim üçün vacib qələbə idi.

- Matçın tempi aşağı idi. Bu, sizin oyununuza necə təsir edirdi?

- Motivasiya baxımından bir az problem olur. "Şəfa" həqiqətən də yaxşı komandadır. Onlara uğurlar arzulayıram. Premyer Liqaya gəlsələr, çempionata rəng qatacaqlar. Maraqlı və intizamlı komandadır. Diqqətli olmağa çalışdıq ki, problem yaşamayaq.

- Ardıcıl iki qələbə qazandınız. Bu, qarşıdakı periodda komandaya necə təsir edəcək?

- Əlbəttə hər qələbə önəmlidir və gələcək oyunlar üçün motivasiya verir. Daha yaxşı yerlərə qalxmaq üçün çalışırıq, əziyyət çəkirik. İnanıram ki, daha yaxşı olacağıq.

- "Qəbələ"nin "qara zolaq"dan çıxdığını demək olar?

- Məncə, olar. Uzun müddətdir ki, çətinlikləri aşa bilmirdik. Şükürlər olsun ki, son oyunlarda uğursuz perioddan çıxa bildik. Yaxşı oyun göstərib nəticə qazana bilməyəndə adama pis təsir edir. Yaxşı oynayırıq, epizodlar yaradırıq, amma dəyərləndirə bilmirik. Çalışırdıq ki, həvəsdən düşməyək. Dayanmağa haqqımız yoxdur. Bu istək və əzmlə mübarizəyə da davam edəcəyik.

- Kubokun 1/4 final mərhələsində rəqibiniz "Sabah" olacaq. Bu turnirdə hədəfiniz nədir?

- Kubok oyunları fərqli olur. Hələ "Sabah"la matçlar çox vaxt var. Daha yaxşı hazırlaşıb meydana çıxacağıq.

- Kubokda "Sabah"ı keçsəz, növbəti rəqib "Qarabağ" olacaq. Rəqiblərin güclü olması sizi həvəsdən salmır?

- Xeyr, bizi ruhdan salmır. Sonuncu dəfə kuboku qazananda "Qarabağ"ı mübarizədən kənarlaşdırmışdıq.

- Qarşıda "Turan Tovuz"la çempionat oyunu var. Bu matçdan gözləntilərin nədir?

- Bizim üçün çox ağır oyun olacaq. Təəssüflər olsun ki, qırmızı vərəqəm olduğu üçün həmin matçda oynaya bilməyəcəyəm. Komandaya inanıram. Bu qarşılaşmaya ən yaxşı şəkildə çıxacağıq.

- Milli komandadan dəvət gözləyirsən?

- Milli komanda mənim yaralı yerimdir. Çox yaxşı formada olduğum vaxtlarda da çağırılmamışam. Bu, məni çox məyus edib. Amma hər zaman çalışıram. İnanıram ki, bir gün milli komandanın formasını geyinmək, orada olmaq, o hissləri dadmaq mənə də qismət olacaq. Bu, hər birimizin arzusudur. İllərdir bunun üçün əziyyət çəkirik. Millidən dəvət gözləyəcəm.

- Azərbaycanlı futbolçular 30 yaşı keçdikdən sonra artıq karyeralarını bitirmək barədə düşünürlər. Sənin planların necədir?

- Özümü yaxşı hiss edirəm. Öz üzərimdə daim çalışıram. Rejimimə diqqət edirəm ki, daha çox oynayım. Hələ uzun müddət oynamağı fikirləşirəm.

Elçin Əlixan

Xəbər xətti