Neçə məşqçi gəlib-gedib, amma "Neftçi"nin dərdinə çarə tapmaq mümkün olmayıb. Adamın gözünə sağalmaz xəstəlik kimi gəlməyə başlayıb bu komanda.
Hər mövsüm dəyişikilyə gedirlər, amma heç nə effekt vermir. Məlum məsələdir ki, bu klubda nələrsə qaydasında getmir. Bu qədər məşqçi, bu qədər futbolçu dəyişib və yaxşıya tərəf heç nə dəyişməyibsə, demək ki, klub idarəetməsində ciddi islahatlara ehtiyac var. Görünən odur ki, hazırki idarəçilik modeli çalışmır, bu adamlarla olmur. Yeni baxış, yeni yanaşma mütləqdir.
Mutu, Bojeviç, Qriqorçuk, Samir Abasov... İndi də Yuri Vernidub. Ukraynalı mütəxəssis ötən gün "Neftçi"nin "Sabah"la oyunu izləyənlər arasında idi. Bəlkə də bir anlıq bu izdivacdan vaz keçmək fikri də keçib təcrübəli mütəxəssisin ağlından.
"Neftçi" bu ana qədər də göz oxşayan futbolla seçilməyib, amma dünənki qədər də aciz olmayıb axı. Komanda Sənan Qurbanovun rəhbərliyi altında o qədər əzik, o qədər sönük təsir bağışladı ki, adama elə gəlir ki, bunlar Abasov gedəndən sonra məşq etməyiblər.
Oyunun gedişində elə təəssürat yaranırdı ki, "Sabah"ın qarşısındakı ölkənin adlı-sanlı klubu yox, hansısa açıq-aşkar autsayderdir. "Neftçi" rəqibinin fonunda o qədər bərbad göründü ki, hətta Yuri Vernidubun da bu komandanı yuxarı pillələrə qaldıra biləcəyinə şübhələr yarandı.
Vernidub təcrübəli mütəxəssisdir. Amma bütün ümidləri onun məşqçilik bacarığına bağlamaq növbəti uğursuzluqlara gətirib çıxara bilər. "Neftçi"də islahatlar qaçılmazdır. Ölkə futbolunu dərindən bilən, həlləm-qəlləm işlərə bulaşmayan, intizamlı, ortaya yeni yanaşma qoymaq bacarığında olan yaxşı idarəçilərə ehtiyac var.
Həmid
saytlarin hazirlanmasi
