"Həm bizim, həm də "Qarabağ"ın yarımfinala vəsiqə qazanmaq şansı var" - MÜSAHİBƏ

12:22 - 6 Fevral 2026

"Şamaxı"nın tanzaniyalı futbolçusu Alfons Msanqa Sportal.az saytına müsahibə verib.

- "Şamaxı" Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşündə "Qarabağ"a 2:1 qalib gəlməyi bacardı. Həqiqətən qələbəyə inanırdınız, yoxsa heç-heçə də sizi qane edirdi?

Qələbə üçün Allaha şükür edirik. Çətin oyun idi. Bilirsiniz ki, "Qarabağ" böyük komandadır və onlara hörmət edirik. Düşünürəm ki, biz oyuna düzgün yanaşdıq, ona görə də oyunu qazandıq. Təbii ki, çox güc sərf etdik. 

- “Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində oynayan komandadır. Belə bir rəqibi məğlub etmək sizin üçün böyük motivasiyadır, yoxsa bu qələbəyə çox sadə və sakit yanaşırsınız?

Bəli, bu cür böyük oyunda belə qələbə sizə daha çox özünəinam və istənilən oyunda xal qazanmaq üçün mübarizə apara biləcəyinizə inanmaq imkanı verir. Çox yaxşı qalibiyyətdir. Buna görə sevinirik.

- 2:1 hesabı “Şamaxı”nın yarımfinala vəsiqə qazanmasına nə qədər kömək edə bilər? Cavab oyunundan əvvəl şanslar hələ də 50/50-dir, yoxsa "Şamaxı" daha şanslıdır?

Hələ qarşıda daha bir oyunumuz da var. Kubokda hələ bir oyun qalıbsa, yalnız bir oyunla nəyisə proqnozlaşdırmaq mümkün deyil. Ona görə də istənilən komandanın növbəti mərhələyə vəsiqə qazanmaq şansı var, həm bizim, həm də onların. Bu mənada, gəlin hələ ki cütün taleyini həll etmək üçün digər oyunu da gözləyək. O görüşə də yaxşı hazırlaşacağıq. Sona qədər mübarizə aparacağıq. 

- “Qarabağ"ı rəqib kimi digər komandalardan ən çox fərqləndirən nədir? Onların ən böyük üstünlüyü nədədir?

"Qarabağ" böyük komandadır. Güclü futbolçuları var, yaxşı büdcəyə malikdirlər, komanda olaraq hər şey yüsək səviyyədədir onlarda. Üstəlik, “Qarabağ” Çempionlar Liqasında oynayır, pley-off mərhələsindədir. Onlar digər komandalardan fərqli olaraq, əla təcrübəyə malikdir. Bütün bunları nəzərə alanda, “Qarabağ”a qarşı oynamağın həmişə çətin olduğunu söyləmək mümkündür. 

- Növbəti matçınız da “Qarabağ”a qarşı olacaq. Amma bu dəfə onlarla Premyer Liqada qarşılaşacaqsınız. Bu matçda daha çətin olacaq?

- "Qarabağ"a qarşı bütün oyunlar çətindir. Fərqi yoxdur, bu, kubokdur, yoxsa Premyer Liqa. Amma biz Premyer Liqadakı görüşə də yaxşı hazırlaşacağıq. Təbii ki, bu dəfə də sona qədər mübarizə aparacağıq. 

- Ümumiyyətlə, "Şamaxı"nın kuboku qazanma ehtimalı nədir? Yoxsa sizin üçün Premyer Liqadakı yerinizi qorumaq daha vacibdir və kubokda bu cür məqsədiniz yoxdur? 

Hər şeyi zamana buraxaq. Biz üzərimizə düşəni edirik, meydana çıxırıq və sona qədər mübarizə aparırıq. Nələr necə olacaq, onu zaman göstərəcək. Biz indi sadəcə növbəti qarşılaşmaya, “Qarabağ”la matça hazırlaşırıq.

Mirbağırağa
 

Xəbər xətti