Jorj Kaşkilya: "Rəqib xırda foullarla oyunun tempini aşağı salırdı"

16:59 - 9 Fevral 2026

"İmişli" Misli Premyer Liqasının 19-cu turu çərçivəsində Quba Olimpiya İdman Kompleksinin stadionunda "Kəpəz"lə 0:0 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hər iki komanda oyunun necə vacib olduğunu başa düşürdü. Erkən qol vurmaq istəyirdik. Rəqib xırda foullarla oyunun tempini aşağı salırdı. Birinci hissədə təhlükəli vəziyyətlər az idi. İkinci hissədə meydançanın vəziyyəti daha da pisləşdi. Amma komandam qol vurmaq üçün çalışırdı. Hər iki komanda başa düşürdü ki, xal itirmək olmaz. "Kəpəz"lə aramızda 6 xal fərq var. Fərqi qoruya bildik. Qol vurub fərqi artırmaq istəyirdik. Amma alınmadı. Nəticəni qənaətbəxş hesab edirəm.

- Sizin oyunçularınız da vaxt aparırdı. Əvvəldən 1 xal sizi qane edirdi?

- Bütün oyunlara qələbəni düşünərək çıxırıq. Bu gün uduzmamaq çox vacib idi.

- Yeni transfer Dioqo Kardozunun oyunundan razı qaldız?

- Hələ fikir bildirmək üçün tezdir. 5 gün bizimlə məşq edib. Komandaya uyğunlaşması üçün bir az vaxt lazımdır. Hücum xəttinə köməyi dəydi. Sürətli, texnikalı oyunçudur.

- Azər Salahlının durumu necədir?

- Zədə boyun nahiyəsində idi. Hərəkət etməkdə çətinlik çəkirdi. Tibbi müayinədən keçməyib. Ümid edirik ki, ciddi zədə deyil.

Elçin Əllixan

Xəbər xətti