Jorj Kaşkilya: "Heç-heçə daha ədalətli nəticə olardı"

17:58 - 14 Fevral 2026

"İmişli" Misli Premyer Liqasının 20-ci turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda "Qarabağ"a 0:1 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox çətin və mübarizəli oyun getdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Komandam bu gün taktiki cəhətdən yaxşı oyun göstərdi. "Qarabağ"ın hücum xəttinin qarşısını ala bilirdik. İkinci hissədə standart vəziyyətdə bir səhv qolla nəticələndi. Bu da qələbə qolu oldu. Komandamın oyunundan razı qaldım. "İmişli" yaxşı oynadı, sona qədər mübarizə apardı. Məğlubiyyət futbolun bir hissəsidir. Heç-heçə daha ədalətli nəticə olardı.

- Demək olar ki, stadionda hamı "Qarabağ"a azarkeşlik edirdi. Evdə belə atmosferdə oynamaq necədir?

- Elə də böyük neqativ təsiri yox idi. İlk dəfədir ev oyunumuza bu qədər azarkeş gəlir. Onların "Qarabağ"ı dəstəkləməsi bizim oyunçulara motivasiya verirdi. Bizə heç bir problem yaratmadı.

- Dioqo Almeydanın lazımsız qırmızı vərəqə almasını necə şərh edərdiz?

- Oyundan sonra epizodu təhlil edəcəyik. Almeyda barədə tədbir görüləcək.

- Qurban Qurbanov meydança barədə neqativ fikirlər səsləndirdi. Ot örtüyünün yaxşılaşdırılması üçün hansısa tədbirlər görüləcək?

- Meydançanın vəziyyətinə baş məşqçi cavabdeh deyil. Bu sual rəhbərliyə verilsə, daha yaxşı olar.

- Futbolçular meydançanın durumundan şikayət etmirlər?

- Qurban Qurbanov kimi məşqçi burada sadəcə bir oyun keçirəndən sonra belə narazılıq edibsə, bizim futbolçular razı qalarlar? Burada 16-17 oyun keçirməliyik. Əlbəttə ki, meydaçanın təsiri böyükdür. Ötən oyunda Yau Mozes, bu gün Mehdi Tahirov zədələndi. Futbolçular da meydançanın təsirini hiss edirlər. Burada oynamağımız nə məndən, nə də oyunçulardan asılıdır. Əlimizdən gələni etməliyik.

Elçin Əlixan

Xəbər xətti