"İmişli"nin kapitanı: "İlk turlardan yaxşı komanda olduğumuzu sübut etməyə çalışacağıq"

13:49 - 11 Avqust 2026

"İmişli"nin kapitanı Azər Salahlı Sportal.az saytına müsahibə verib.

- Premyer Liqanın startına 3 gün qalıb. “İmişli”nin yeni mövsümə nə dərəcədə hazır olduğunu düşünürsən?

- Düşünürəm ki, yaxşı hazırlıq mərhələsi keçdik. Xeyli sayda yoldaşlıq görüşlərimiz oldu. Həm fiziki, həm də taktiki cəhətdən komanda şəklində özümüzü inkişaf etdirməyə çalışdıq. Əlbəttə, ilk turlar hər zaman çətin olur. Amma çempionata uğurlu start bizim üçün çox vacibdir.

- Yoxlama görüşləri də az keçirmədiniz. Ümumiyyətlə, toplanış zamanı təcrübəli futbolçu və kapitan kimi səni narahat edən, diqqətini çəkən hansı məqamlar oldu?

- Bilirsiniz ki, keçən mövsüm fərqli sistemdə oynayırdıq. İndi isə müəyyən dəyişikliklər olub və tələblər daha da artıb. Xeyli sayda yoldaşlıq oyunu keçirməyimizin bizə çox köməyi oldu. Əlbəttə, çatışmazlıqlarımız var və bunları oyundan-oyuna aradan qaldırmağa çalışacağıq.

- Komandanın baş məşqçisi Fərid Namazovdur. Hansı ki, Premyer Liqaya komandanı məhz o daşımışdı. Onun futbolçularla kommunikasiyası necədir? Səncə, onun rəhbərliyi altında “İmişli” uğurlu ola biləcək və ən azından ötən mövsümdəkindən daha yaxşı nəticə göstərə bilər?

- Ümumilikdə, hər kəsin bir-birinə münasibəti yüksək səviyyədədir. Yaxşı komandamız var. Fərid müəllim də tələbkar və nizam-intizama çox önəm verən məşqçidir. Çalışacağıq ki, hər birimiz ilk turlardan yaxşı bir komanda olduğumuzu sübut edək.

- “İmişli” yeni mövsümə “Araz-Naxçıvan” səfəri ilə başlayacaq. Püşkatmanı münasib hesab edirsən? Rəqibin ötən mövsümlə müqayisədə artıq iddialı heyətə malik olmadığı görünür...

- Az öncə də bildirdiyim kimi, rəqibdən asılı olmayaraq uğurlu start götürmək istəyirik. “Araz-Naxçıvan”ın heyətində indi də kifayət qədər keyfiyyətli oyunçular var.

- Bu mövsüm fərqli klublardan təkliflərin var idi? Niyə məhz “İmişli”də qaldın? Kapitan olaraq sadiqlik göstərdin?

- Belə deyim, “İmişli”də ilk mövsümdə həqiqətən uğurlu bir sezon keçirdik. Komandanın kapitanı olduğum üçün bu, məni də sevindirir. “İmişli” ilə müqaviləm davam etdiyi üçün bu mövsümdə də ən azı keçən ilki kimi uğurlu olmaq istəyirik.

- Bu mövsüm Premyer Liqada mübarizənin də gərgin keçəcəyini düşünmək olar. Hər halda, klubların avrokuboklardakı çıxışı səndə hansı təəssüratı yaratdı? Ümumiyyətlə, digər klublar və Premyer Liqa haqda fikrin necədir?

- Keçən il həqiqətən çempionatın səviyyəsinin yüksəldiyini gördük. Bu, hər kəsi sevindirir. Çempionluq və avrokuboklara düşmək uğrunda, o cümlədən çempionatı tərk etməmək uğrunda bizi gərgin bir mövsüm gözləyir. İldən-ilə Premyer Liqanın səviyyəsi daha da artır.

Mirbağırağa
 

Xəbər xətti