"Qarabağ"ın bu dövrdən keçməsi lazımdır" - Albaniya klubunun qapıçısı

13:34 - 30 Avqust 2026

Albaniyanın “Vlajniya” klubunun qolkiperi, üç il “Araz-Naxçıvan”ın qapısını qorumuş Kristian Avram Sportal.az saytına müsahibə verib.

- Albaniyanın “Vlajniya” klubuna keçdiniz. Niyə “Araz-Naxçıvan”dan ayrıldıqdan sonra, bir neçə gün əvvəl keçdiyin “Petrokub”da qalmadınız? 

- Bəli, “Petrokub”da çıxış edirdim və mənə bu imkanı yaratdıqları üçün onlara təşəkkür etmək istəyirəm. Daha sonra “Vlajniya”dan təklif aldım. Sonda da bura keçmək qərarına gəldim. Hər şey yaxşıdır.

- Azərbaycanda niyə qalmadın? “Araz-Naxçıvan”dan yeni təklif olmuşdu? Yoxsa özün ölkəyə qayıtmaq və ya başqa yerdə oynamaq istəyirdin?

- Müəyyən danışıqlar oldu, amma artıq bunun o qədər də əhəmiyyəti yoxdur. Düşünürəm ki, bu barədə danışmağa dəyməz. Mən irəliyə doğru hərəkət etməliyəm. Bəlkə də gələcəkdə “Araz-Naxçıvan”dan yenidən təklif gələr.

- Azərbaycandan başqa klublardan da sizə təkliflər olmuşdu?

- Təklif var idi. Amma insanların davranışına görə başa düşdüm ki, onlarla danışıqları davam etdirməmək daha yaxşıdır. Bəlkə gələcəkdə nələrisə dəyişərlər. Hər şey mümkündür.

- Azərbaycan karyeranızla bağlı hansı xatirələriniz qalıb? Yaddaşınızda xüsusi yer tutan an və ya oyun var?

- Azərbaycanla bağlı çox xoş xatirələrim qalıb. Orada məni çox yaxşı qarşılayan insanlara təşəkkür edirəm. Artıq orada çoxlu dostum var və özümü Azərbaycanda evimdəki kimi hiss edirdim. Lazım olan vaxt mənə dəstək olan hər kəsə minnətdaram. Konkret bir oyunu xüsusi qeyd edə bilmərəm. Hər matçın özünəməxsus xatirəsi var və hamısı mənim üçün fərqli şəkildə yadda qalıb.

- “Araz-Naxçıvan” ötən mövsüm avrokuboklarda oynadı. Ötən mövsüm komandanın çempionatın sonunda da çempionluq uğrunda mübarizə aparacağı gözlənilirdi. Lakin bu, baş vermədi. Sizcə, əsas problem nədə idi?

- Bəli, çox yaxşı komandamız var idi. Yəqin ki, hansısa məqamda bəzi detalları gözdən qaçırdıq. Amma həyat belədir. Ən vacib məsələ düzgün nəticə çıxarmaq, irəliyə baxmaq və qələbələr qazanmaqdır.

- Azərbaycan çempionatı haqqında nə deyə bilərsiniz? Uzun müddət “Qarabağ” hegemonluq edirdi, amma son mövsümdə “Sabah” çempion oldu. Çempionatdakı rəqabəti və “Sabah”ın çempionluğunu necə qiymətləndirirsən?

- Məncə, “Qarabağ”ın belə bir dövrdən keçməsi lazım idi ki, daha sonra uzunmüddətli inkişaf yolunu yenidən qura bilsin. “Sabah”a gəlincə, burada nə demək olar? Əhsən onlara. Onlar yaranmış vəziyyətdən çox düzgün istifadə etdilər. “Qarabağ” həm də Çempionlar Liqasında çıxış edirdi və yəqin ki, çempionata köklənmək onlar üçün bir qədər çətin idi. Amma bu il vəziyyət dəyişib. Maraqlı olacaq ki, görək kim və hansı məqsəd uğrunda mübarizə aparacaq.

Mirbağırağa
 

Xəbər xətti