Ötən həftə AFFA-nın U-15 liqasının oyunlarından birinin keçirildiyi “Rekord Arena”nın durumu, yeniyetmə futbolçuların yağışdan sonra bərbad duruma düşən örtükdə oynaması sosial şəbəkə səhifələrində AFFA-nı qınaq obyektinə çevirmişdi.
Sportal.az xəbər verir ki, qurumun baş katibi Cahangir Fərəcullayev məsələyə münasibət bildirib.
Funksioner AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə Andorraya ezam olunan Fanat.az-ın əməkdaşının da iştirak etdiyi görüşdə bununla bağlı sualı belə cavablandırıb:
“Bəli, o görüntüləri görmüşük. Bu problemlərin hamısı həll olunacaq. Artıq “Rekord” tipli stadionlarda yarışların keçirilməsinə icazə verilməyəcək.
Sadəcə, Hövsan Yarış Kompleksində tikinti şirkəti ilə AFFA arasında bəzi texniki məsələlər qalıb. Onlar da yanvara qədər həll olunacaq. Bundan sonra “Rekord” tipli stadionlarda uşaq futbolu yarışlarının keçirilməsinə icazə verilməyəcək. Yəni orada bu tip yarışların keçirilməsi qadağan olunacaq və oyunlar Hövsan Kompleksində təşkil olunacaq. Bu kimi problemlərimiz əvvəldən də mövcud idi, bilirdik. Hövsan Yarış Kompleksi problemlərimizi köklü surətdə aradan qaldıracaq”.
saytlarin hazirlanmasi
