UEFA Ukraynaya qarşı genişmiqyaslı işğal səbəbindən Rusiyanın beynəlxalq təcridini uzadıb.

Sportal.az xəbər verir ki, Rusiya yığması Avro-2028-in seçmə mərhələsinin püşkatma iştirakçılarının siyahısına rəsmi olaraq daxil edilməyib.

​Təşkilatın baş katibi Teodor Teodoridisin imzası ilə müvafiq sənəd bütün milli assosiasiyalara göndərilib. Sənədlərdə qeyd olunur ki, seçmə tsikldə UEFA-nın 55 üzvündən 54 yığma iştirak edəcək. Bu qərar rusiyalıları 2028-ci il iyunun 9-dan iyulun 9-dək Böyük Britaniya və İrlandiyanın ev sahibliyi edəcəyi qitə birinciliyində oynamaqdan avtomatik olaraq məhrum edir.

​Xatırladaq ki, bütün Rusiya klubları və milli yığmaları 2022-ci il fevralın 28-dən FIFA və UEFA tərəfindən tam qadağa altındadır. Onların qeyri-müəyyən müddətə uzaqlaşdırılması haqqında qərar Ukraynaya qarşı irimiqyaslı hərbi əməliyyatın başlanmasından dərhal sonra qəbul edilib.

​Avro-2028 Rusiyanın iştirakı olmadan keçəcək ardıcıl dördüncü böyük turnir olacaq:
​DÇ-2022 (pley-off matçlarından əvvəl diskvalifikasiya);
Avro-2024;
DÇ-2026;
Avro-2028.

​Beləliklə, Rusiya millisi ən azı DÇ-2030-a qədər böyük futbol turnirlərindən kənarda qalacaq. Ruslar beynəlxalq Arenada sonuncu rəsmi matçını 2021-ci il noyabrın 14-də keçirib. Həmin vaxt DÇ-2022-nin seçmə mərhələsinin qrup mərhələsinin son turu çərçivəsində komanda Split şəhərində Xorvatiya yığmasına 0:1 hesabı ilə məğlub olmuşdular.