"Məni alman rəhmsizliyi ilə çalışmaqda ittiham etdilər"

13:34 - 1 Avqust 2013

Berti Foqts: "Əgər milli zəif oynayırsa, bunun səbəbi klublardakı zəif məşqdir"
 
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla ölkəmizin klub məşqçilərinin son görüşlərindən birində narazılıq yaranıb.
 
Sportal.az xəbər verir ki, bu haqda Berti Foqts Almaniya mətbuatına verdiyi açıqlamada özü bildirib.
 
İlin sonunda AFFA ilə müqaviləsi başa çatacaq, bu səbəbdən millimizdən göndəriləcəyi gözlənilən Foqts komandamızın uğursuzluqlarının səbəbini klublarda görür. O, klubların qitəmiqyaslı yarışlarda uğursuz çıxış etdiyini, hazırda yalnız “Qarabağ”ın mübarizəni davam etdirdiyini deyərək Ağdam təmsilçinin də qitə miqyaslı yarışda çox uzaga gedə bilməyəcəyini söyləyib. Alman mütəxəssis bildirib ki, klublar uğursuz çıxış etdiyi halda millidən nəsə gözləmək doğru deyil.
 
Foqts Azərbaycanın klub məşqçiləri ilə münasibətlərinin pis olduğunu etiraf edib. Onun sözlərinə görə, həmin məşqçilərlə son görüşü zamanı onlar iradlarını bildirdilər: “Məni alman rəhmsizliyi ilə çalışmaqda ittiham etdilər. Bu səbəbdən yığıncağı tərk etdim”.
 
O qeyd edib ki, Portuqaliyaya 0:3 hesabı ilə uduzduğu oyuna görə kimsədən üzr istəməməlidir. “Əgər milli zəif oynayırsa, bunun səbəbi klublardakı zəif məşqdir. Gündə bir saat məşq etməklə, heç nəyə nail olmaq mümkün deyil”.

Xəbər xətti