Mirça Rednik: "Kamran Ağayev, Adrian Pit, Elvin Beqiri məni xoşlamırdı"
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik "Futbol+" qəzetinə müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Lənkəran, "Xəzər Lənkəran", Bakı və ən əsası Azərbaycan üçün darıxırsızmı?
- Azarkeşlər üçün çox darıxıram. Onların qəlbimdə xüsusi yeri var. Son günə qədər dəstəklərini əsirgəmədilər, bizləri saatlarla ayaq üstə gözlədilər, qarşıladılar. Ancaq başqa məqamlara gəlincə... Orda mənə qarşı haqsızlıq oldu. Rəhbərlik bir neçə futbolçunun sözünü mənim dediklərimdən üstün tutdu. İndiyə kimi unuda bilmirəm.
- "Standard"dan ayrılandan sonra karyeranızı yenidən Azərbaycanda davam etdirmək haqda düşünmədiz?
- "Xəzər Lənkəran"ın ispan məşqçisi komandadan ayrılandan sonra baş məşqçi postu boş qalmışdı. Həmin vaxt vitse-prezident Tuyqun Nadirov zəng vurub "Xəzər Lənkəran"a qayıtmağımı istədi. Mövsüm hələ başa çatmamışdı. "Standard"la müqaviləm hələ davam edirdi. Ona görə razılıq vermədim., belə də Toşakla anlaşdılar. Vitse-prezidentə dedim ki, "Xəzər Lənkəran" mənə doğma klubdu, nə vaxtsa ora qayıdacam.
- Sizi atıb, futbolçuların tərəfini tutan rəhbərlik hansı üzlə zəng vurub sizi yenidən komandaya dəvət edir? Bunu soruşmadız?
- (gülür) Bəlkə də mənim necə insan və məşqçi olduğumu sonradan başa düşüblər. Zamanla məşqçinin, yoxsa futbolçuların haqlı olduğunu anladılar. Kamran Ağayev, Adrian Pit, Elvin Beqiri məni xoşlamırdı, haqqımda xoş olmayan sözlər danışırdılar. Heç nə soruşmadım və getdim.
- Kamranın sizdən niyə xoşu gəlmirdi?
- Özündən soruşun, deyəcək.
- Soruşmuşuq, heç nə demir.
- Ona görə ki, tələbkar məşqçiyəm , nizam-intizama xüsusi diqqət ayırıram, futbolçuları bir-birindən ayırmıram. Mənim üçün ulduz futbolçu meydanda olur, kənarda yox. O da bunları çox yaxşı bilirdi.
- Keçmiş komandanızın avrokubokdakı çıxışından xəbərdarsız?
- Hamıya məlumdu, nəsə danışmaq artıq olar. Komandanın 0:8 hesabıyla uduzduğunu bilirəm. Orda dostlarım qalıb, bəzən onlarla danışıram, hər şeyi mənə xəbər verirlər.
- Bu xəbəri eşidəndən sevindiz, yoxsa kədərləndiz?
- Mənə münasibətdə hansı addımın atılmağına baxmayaraq, kluba könül verən azarkeşləri gözümün önünə gətirib üzüldüm. Sevinməyim mümkün deyil. Bu komandanın çörəyini yemişəm, birlikdə pis-yaxşı günlərimiz olub. Necə sevinə bilərəm?
- Sizcə, faciəvi məğlubiyyətin səbəbi nədi?
- Komandanın içində olmadığımdan heç nə deyə bilmərəm. Xahiş edirəm, belə suallar verməyin, yoxsa danışmayacam.
- Gedəndə yenidən Lənkərana gələcəyiniz, dostlarla görüşəcəyinizi demişdiz. Ancaq birdəfəlik getdiz.
- Mən heç vaxt yalan danışmıram. Nəsə deyirəmsə, sözümün arxasında dururam. Başım qarışıq idi, işlərimin çoxluğu səfərimi əngəlləyirdi. İndi bu haqda düşünürəm. Avqustun sonlarına yaxın millilərin toplanışı ilə bağlı fasilə yaranacaq. Fürsətdən istifadə edib Lənkərana getmək istəyirəm.
- Toşakın yerinə?
- Yox-yox, bu, əsla ola bilməz.
saytlarin hazirlanmasi