Rumıniya futbolu şokda

16:27 - 3 Avqust 2013

"Rapid" aşağı liqaya göndərildi
 
Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) Rumıniya futbolunu sarsıdan bir qərar verib.
 
Sportal.az xəbər verir ki, çempionatda ikinci tur olmasına baxmayaraq CAS rumın futbolunun köklü klublarından “Rapid”i aşağı liqaya yuvarlayıb. Verilən qərara əsasən, “Rapid”in yerinə “Konkordia” komandası yüksək liqada mübarizə aparacaq. 
 
Rumıniya Futbol Federasiyası ötən mövsümün sonunda maliyyə problemləri səbəbindən “ÇFR Kluj” və “Rapid”ə lisenziya verməyib. “ÇFR Kluj” məsələ ilə əlaqədar CAS-a şikayət edib və məhkəmə onları haqlı çıxararaq əsas liqada qalmasına qərar verib. 
 
Rumıniya Futbol Federasiyası da “Rapid”i yenidən liqaya qaytarmaq üçün “play-off” oyunu keçirib. “Rapid” həmin oyunda “Konkordia”nı üstələyib və əsas çempionatda çıxış etməyə haqq qazanıb. Amma “Konkordia” klubu CAS-a şikayət edib və onların etirazı qəbul edilib. CAS həmin “play-off” qarşılaşmasının qanunsuz olduğunu bildirib. Yəni, "Konkordia" yüksək, “Rapid” isə aşağı liqaya göndərilib. CAS-ın bu qərarı Rumıniyada böyük səs-küy doğurub.  

Xəbər xətti