"Almaniya təmsilçisi "Qarabağ"la oyunda sürprizlə qarşılaşa bilər"

13:40 - 10 Avqust 2013

Berti Foqts: "Fikrimcə, Azərbaycanın ən yaxşı komandası "Qarabağ"dır"
 
Avroliqanın "play-off" mərhələsinin püşkü ölkəmizin yeganə təmsilçisi “Qarabağ”ı Almaniyanın “Ayntraxrt” klubu ilə üz-üzə qoyub.
 
Sportal.az xəbər verir ki, almaniyalı jurnalistlər Azərbaycan milli komandasının baş məqşçisi Berti Foqtsun bu püşk barədə fikirlərini öyrənib:
 
"Ötən mövsüm “Qarabağ”ın bəxti gətirmədi. Bu səbəbdən də onlar Azərbaycan çempionatını 2-ci pillədə başa vurdu. Fikrimcə, Azərbaycanın ən yaxşı komandası “Qarabağ”dır”. 
 
Foqtsun dediklərinə əsasən, hazırlanan yazıda “Qarabağ”ın heyətinin çox yaxşı qurulduğu, səviyyəli legionerlərə malik olması da əksini tapıb. Xüsusilə də braziliyalılar Reynaldo və Riçardı həmyerlilərinə tərifləyən mütəxəssis rəhbərlik etdiyi yığmamızın da 4 futbolçusundan bəhs edib. “Qarabağ” tarixi bölgə olan Qarabağı, Ağdamı təmsil etdiyini, 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin bu şəhəri işğal etməsindən sonra isə komandanın ev oyunlarını Bakıda keçirməsini vurğulayan Foqts Tofiq Bəhramov adına Respublika stadionunu da tərifləyib:
 
“Burada əla ot örtüyü var. “Ayntraxt”da “Qarabağ”ı asanlıqla keçəcəklərini düşünürlərsə, onlar yanılırlar. Çünki Almaniya təmsilçisi sürprizlə qarşılaşa bilər”.
 
Qeyd edək ki, “Qarabağ” və “Ayntraxt” arasında ilk oyun avqustun 22-də, cavab oyunu 29-da baş tutacaq.

Xəbər xətti