"Bu klublar vasitəsilə Azərbaycan futbolunu inkişaf etdirmək istəyirik"

13:36 - 15 Avqust 2013

Hafiz Məmmədov: "Kəpəz" klubuna yeni sponsorun cəlb olunması sevindirici amildir"
 
Dünən AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirildi. Sportal.az xəbər verir ki, iclasdan sonra İcraiyyə Komitəsinin üzvü olan “Bakı” klubunun prezidenti Hafiz Məmmədov həm ölkə futbolu, həm rəhbərlik etdiyi “Bakı”, həm də əməkdaşlıq müqaviləsi imzaladıqları “Atletiko” və “Lans” klubları ilə bağlı sualları cavablandırdı.
 
- Əvvəlcə, İcraiyyə Komitəsində qəbul olunan qərarlarla bağlı fikirlərinizi bildirəsiniz.
- İclasda qızğın müzakirələr oldu. Azərbaycan futbolunun inkişafına xidmət edəcək qərarlar qəbul olundu. Gəncədə futbolun inkişafı məsələsi müzakirə edildi. “Kəpəz” klubuna yeni sponsorun cəlb olunması sevindirici amildir. Növbəti mövsümündən legioner limitinin 6+5 edilməsi və s. kimi mühüm qərarlar qəbul olundu.
 
- Yeri gəlmişkən AFFA-nın futbolumuzun inkişafı istiqamətində gördüyü işləri necə qiymətləndirirsiniz?
- Çox yüksək. Təkcə yeniyetmə uşaqların Mançesterə göndərilməsini demək kifayətdir. Hərəmiz bir tərəfdən çalışırıq ki, azərbaycanlı uşaqların Avropada söz deməklərini təmin edək. AFFA düzgün yoldadır, yüksək səviyyəli işlər görür. Biz də klub olaraq öz dəstəyimizi əsirgəmirik. Azərbaycan futbolunun fantastik gələcəyi var. Bunun üçün minimum 3-4 il vaxt lazımdır. Rövnəq müəllimin nə qədər işi olsa da, İcraiyyə Komitəsini yığıb müzakirə edir. AFFA-nın və klubların futbolun inkişafı istiqamətində gördüyü işlər nəticə verəcək. 
 
- Ötən il medalçılar sırasına düşə bilməyən “Bakı” heyətində dəyişikliklər edərək yeni mövsümə start verdi. Ancaq komanda yeni baş məşqçinin rəhbərliyi altında keçirdiyi hər iki görüşdə meydanı məğlub tərk etdi. “Bakı”nın çıxışı barədə nə deyə bilərsiniz?
- Komandada məşqçi dəyişikliyi olub. Çempionat yeni başlayıb, cəmi 2 tur oynanılıb. Sevindirici nəticələr olmasa da, komandaya inanıram. Son oyunda bir neçə qol vurmaq şansımız oldu. İlk hissədə yerli perspektivli futbolçularımızın oyunları alınmadı. Fasilədən sonra isə daha yaxşı çıxış etdik. Oyundan-oyuna hər şey qaydasına düşəcək. Baş məşqçi Milinko Pantiçlə görüşmüşəm. Ona inamımın böyük olduğunu bildirdim. Klub rəhbərliyi olaraq Pantiçin arxasındayıq, ona inanırıq.
 
- Belə çıxır ki, bu mövsüm “Bakı” nəticə əldə etməsə sizin üçün təəccüblü olmayacaq?
- Mən dözümlü adamam. Mənim üçün əsas yeniyetmə və istedadlı uşaqların Avropada oynamasıdır. Artıq psixologiyamı da dəyişmişəm. Mahir Mədətovu “Atletiko” Madrid kimi bir klub seçib. İspanlar mənə deyirlər ki, bu uşaq istedadlıdır. Sabah İspaniya çempionatında oynayanda deməyəcəklər ki, bu “Bakı”nın oyunçusudur. Bir azərbaycanlı kimi 9 milyon onun oyununu izləyəcək. Bu mənim həyatımdır, arzumdur. Demək istədiyim odur ki, dözüm olsun, səbir olsun, hər şey fantastik olacaq.
 
- Klub strukturunda müəyyən dəyişikliklər gözlənilirdi. Bununla bağlı nə yenilik var?
- Dəyişikliklər olub. Bəzi işçilərimizin məzuniyyətdə olması işlərimizi bir qədər ləngidib. Struktur dəyişikliyini müzakirə etmişik. Yaxın günlərdə bu barədə saytımız vasitəsilə ictimaiyyətə məlumat verəcəyik. Kadrlarımız da, təyinatlarımız da tam hazırdır.
 
- Əvvəlki rəhbərlikdən qalan olacaq?
- Əlbəttə olacaq. Futbolda yeni mütəxəssis tapmaq asan iş deyil. Sistem və vəzifə bölgüləri dəyişəcək, konkret səlahiyyətlər veriləcək. Ona görə də köhnə rəhbərlikdən adamlar qalacaq. Ancaq yeni adamlar da olacaq. Tam fərqli struktur olacaq.
 
- “Bakı” Madrid “Atletiko”sundan sonra Fransanın “Lans” klubu ilə əməkdaşlığa start verdi. Bununla bağlı nə deyə bilərsiniz?
- Azərbaycan üçün “Lans”ın effekti “Atletiko”dan daha böyük oldu. Fransada olduğum vaxt “Röyter” agentliyi bizim əməkdaşlığımız barədə məqalə hazırlayaraq Avropanın iki ən nəhəng ölkəsi ilə münasibətimizdən yazdı. Fransada “Lans” geniş azarkeş kütləsinə malik komandalardan biridir. Misal üçün, Monakoda yaşayan fransız vətəndaşı “Monako”dan çox “Lans”a azarkeşlik edir. İnsanların “Lans”a olan məhəbbəti məni dəhşətə gətirdi. Bunu gördükdən sonra necə düzgün qərar verdiyimizi anladım. Fransa klubu da “Atletiko” kimi “Land of Fire Azərbaijan” yazısı ilə meydana çıxır. Təbii ki, bu amil futbolçularda əlavə motivasiya yaradır. “Lans”la bağlı başqa perspektivlərimiz də var. Ermənilər forumlarda bununla bağlı müzakirə apararaq Azərbaycan futbolunu inkişaf etdirməyimizdən danışırlar. Əlbəttə, siyasət də bizim üçün önəmlidir. Həm Fransa, həm İspaniya önəmli ölkələrdir. Bu klubların vasitəsilə Azərbaycan futbolunu inkişaf etdirmək istəyirik. Madridə və Lansa elə-belə getməmişik. Orada yatırımlarımız olacaq. Ancaq bunlar ikisi də fərqli-fərqli layihələrdir. “Lans” daha çox Azərbaycan tərəfinə məxsus olan bir klubdur. İnanıram ki, Azərbaycanın adı bir müqəddəs ad kimi futbolçulara daha da motivasiya verəcək. “Lans”ın stadionunda Azərbaycan bayrağının dalğalanması mənim ən böyük arzumdur, proqramın tam həyata keçməsidir. Fransada Azərbaycan bayrağını qaldırmaq lazımdır. Bildiyiniz kimi, “Lans”ın stadionunda Avro-2016-ın bir neçə oyunu keçiriləcək. Bununla əlaqədar, Fransa dövləti tərəfindən stadionda rekonstruksiya işlərinin aparılması məqsədi ilə küllü-miqdarda vəsait ayrılıb. Təbii ki, Azərbaycana məxsus bir klubun nəzdində bu işlərin aparılması və Avro-2016-ın həmin stadionda keçiriləcək olması bizi sevindirir. Ümumiyyətlə, hər bir işdə onların təcrübəsindən yararlanmaq fikrindəyik. Bu, azarkeşlərlə işlərin qurulması, üzvlük sisteminin təşkili və s. Bunlar köklü klublardır və böyük təcrübəyə malikdirlər. Biz də onların təcrübələrindən yararlanmalıyıq.
 
- “Atletiko” ilə əməkdaşlıq çərçivəsində müxtəlif layihələr həyata keçirilir. Bu istiqamətdə “Lans” klubu ilə bağlı nə kimi layihələriniz, planlarınız var?
- Bildiyiniz kimi, müqavilə imzalamazdan əvvəl “Lans”ın məşqçiləri gəlib 3 futbolçumuzu bəyənmişdilər. Tələbimiz odur ki, istedadlı futbolçularımızın Fransa liqasında oynaması təmin olunsun. Düzdür, baş məşqçimiz Pantiç həmin futbolçuları bəyəndiyindən hələ ki Fransaya getməyiblər. Bundan əlavə, 10-12 nəfər 10, 11, 12 yaşlı yeniyetmələri “Lans”ın internat məktəbində yaşamaqla yanaşı təhsil alacaqlar və futbolun sirlərinə öyrənəcəklər. Bizim uşaqlar çox istedadlıdırlar. Sadəcə bir qədər dəstək olmaq, inanmaq lazımdır. Hər bir sahədə talantlı övladlarımız var.
 
- Yeniyetmələrin Fransada qalmaqları, “Lans”ın internat məktəbində iştirakı nə qədər vaxtı əhatə edəcək?
- Minimum 3-4 il. Fransa tərəfi üzərlərinə öhdəliklər götürüblər. Hər il 10-dək uşağın orada yaşaması, təhsil alması və futbol biliklərinə yiyələnmələrini təmin edəcəklər. Yaxın günlərdə iki komandamız tam heyətlə “Lans”ın yay düşərgəsinə yollanacaq. Onların səfəri ilə bağlı hazırda viza məsələləri həll olunur. Bu eyni zamanda həmin uşaqların dünya görüşünün inkişafına öz təsirini göstərəcək.
 
- Avropanın digər nəhəng klubları ilə əməkdaşlıq gözlənilir, yoxsa, “Atletiko” və “Lans”la kifayətlənəcəksiniz?
- Biz futbol funksioneriyik, bu idman növünün inkişafını düşünürük. “Atletiko” və “Lans”la əməkdaşlıq mənim bu ölkələrə səfərlərim zamanı çıxan tanışlıqların hesabına olub. Bundan sonra İngiltərə klublarından biri ilə əməkdaşlıq nəzərdə tutulur. Bildiyiniz kimi, “Portu” ilə danışıqlarımız davam edir. “Portu”nun prezidenti məni gözləyir ki, qərarımızı qəbul edək. Bir də “Lans”dan əvvəl İtaliya klublarından biri təklif olunmuşdu. “Atletiko” və “Lans” məsələsi artıq bitib. “Lans” majoritar bizimdir, “Atletiko”nun isə bir hissəsi bizimdir. Biri var “Atletiko”dan nəsə xahiş edək, biri də var klubun sahiblərindən biri kimi tələb irəli sürək. Bizim dostluq əlaqələrimiz o qədər yüksək səviyyədədir ki, müqavilə olmasa belə hər iki klub Azərbaycan futbolunun inkişafına dəstək verəcək. 
 
- Sizin gördüyünüz iş bir tərəfdən futbolun inkişaflına hesablanmış addımdırsa digər tərəfdən ölkəmizin təbliğatında əsas rollardan birini oynayır...
- Əsas məqsədlərimizdən biri vətənimizi tanıtdırmaq, Azərbaycanı təbliğ etməkdir. Misal üçün, Fransada olduğum müddətdə Fransanın çox önəmli şəxslərindən birinə ölkəmiz haqda, cənab prezident İlham Əliyevin gördüyü işlər barədə məlumat vermişdim. Yaxınlarda Bakıda olub və öz gözləri ilə görülən işlərin şahidi olub. Mənə dedi ki, Bakı Dubaydan da gözəl şəhərdir. Fransızın belə deməsi mənə çox xoşdur.

Xəbər xətti