AFFA-nın absurd qərarları silsiləsindən… YAZI

17:42 - 16 Avqust 2013

Naxçıvana getməyə yol pulu tapmayan klubun çempinatda nə işi var?
 
 
AFFA İcraiyyə Komitəsinin (İK) növbəti toplantısında Azərbaycan futbolu ilə əlaqədar yeni taleyüklü qərarlar qəbul olundu. İclasda bir sıra mövzular müzakirəyə çıxarılsa da, gündəmdə duran və ən çox müzakirə edilən məsələ I divizionda çıxış edən komandaların heyətində çıxış edən futbolçuların yaş və gələn mövsümdən yüksək liqada çıxış edəcək komandaların heyətində yer alan legionerlərin limit məsələsi olub. Bir qədər öncə verilən və I divizion komandalarının əsas heyətində meydana çıxan futbolçulardan səkkizinin yaşının 21-ə qədər olması qərarı dəyişdirilərək altıya endirilib. Həmçinin, hazırda milli çempionatda mövcud olan 7+3+1 limiti 6+3+2 formatına dəyişdirilib. Yəni, gələn futbol mövsümündə yüksək liqada mübarizə aparan komandaların start heyətində meydanda maksimum 6 legioner və yaşı 21 – i keçməmiş iki yerli futbolçu olmalıdır.
 
İndi isə gəlin futbolumuza rəhbərlik edən “uzaqgörən” insanların verdiyi növbəti absurd qərarları müzakirə edək. AFFA İK–in keçən çempionatın gedişində gülünc qərarlar qəbul etdiyi vaxt Azərbaycan futboluna ürəyi yanan, sözün əsl mənasında futbol mütəxəssisi olan insanlar, AFFA rəhbərliyinin “əlinə baxmayan” idman jurnalistləri bu qərarların yerli futbolu və futbolçuları uçuruma apardığını ürək ağrısı ilə qeyd edirdilər. Futboldan anlayışı olmayan rəhbərliyə anlatmağa çalışırdılar ki, Azərbaycanda yaşı 21–i keçməmiş səviyyəli futbolçuların sayı məhduddur. Bu qədər gənc, səviyyəli futbolçunun tapılması və hazır vəziyyətə gətirilərək meydana çıxması qeyri-mümkün görünürdü. Mən hələ yaşı 21–i keçmiş bir çox futbolçuların işsiz qalmasından, futbolumuzda “lipa”probleminin geniş vüsət alacağından, yerli oyunçuların süni qiymət artımı kimi problemlərdən danışmıram. Bununla razılaşmaq istəməyən AFFA funksionerləri futbol ictimaiyyətinin təzyiqi qarşısında tab gətirməyərək axır ki “qış yuxusu”ndan ayıldı. Limitin səkkizdən altıya endirilməsi o qədər də uğurlu qərar olmasa da, lətifəsi futbol rəhbərliyimizdən uzaq, “donuzdan bir tükdə qənimətdir” deyiminə əsaslanmaqdan başqa bizə bir şey qalmır.
Azərbaycanda futbola rəhbərlik edən insanlar bu dəyişikliklə özlərini bir daha ifşa etdilər. Hamı başa düşdü ki, onlar qərarları başdansovdu və düşünülmədən qəbul edirlər. Bu insanlar dərk etmirlər ki, adını “futbolun inkişafı” qoyaraq qəbul etdikləri axmaq qərarlar ölkədə futbolun iflasından başqa heç nəyə yaramır. Bu qərarların futbolun kütləviləşdirilməsi, bölgələrdə futbolun inkişafı, “Futbolun inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə uzaqdan-yaxından əlaqəsi yoxdur. Sırf futbol adamı kimi Ələkbər Məmmədov, İsgəndər Cavadov və Kazbek Tuayevin təmsil olunduğu İK–dən bundan artıq və məntiqli qərar gözləmək özü gülünc məşğuliyyətdir. Ən başlıca problem isə futbol savadı olmayan insanlar ucbatından Azərbaycan futbolunun stabillik qazana bilməməsidir.  Klublardan bu qədər gənc futbolçunun oynamasını tələb etmək bəlkə də ən asan məsələdir. Bəs bu futbolçuları kim yetişdirəcək?
 
Bayağı formada desək, dədə-babadan Azərbaycanda üç güclü futbol məktəbi – Gəncə, Tovuz və Sumqayıt futbol məktəbləri olub. Gəncə və Tovuz futbolunun bugünkü durumu hamıya məlumdur. “Sumqayıt” futbol klubu isə öz fəaliyyətini sırf Elxan Məmmədova görə davam etdirir və futbolçu yetişdirməkdən daha çox Azərbaycan futbolunda Fuad Musayevin dönəmində “Şəfa”nın oynadığı rolu oynayır. Qəbələdə futbol akademiyasının fəaliyyət göstərməsi, bir sıra premyer liqa təmsilçilərinin uşaq futboluna ciddi cəhdlə sərmayə yatırmağa başlaması vurğulanası müsbət məqamlar olsa da, hələ ki, özünü doğrultmur. Futbol akademiyaları yuxarıda qeyd etdiyim bölgələrdə fəaliyyət göstərsə futbolumuz bundan ancaq xeyir götürə bilər. İndiki mövcud vəziyyət isə “atın qabağına ət, itin qabağına isə ot qoymağ”ı xatırladır.
 
İK–in toplantısında I divizionda iştirakı gündəmdə olan “Araz-Naxçıvan” komandası ilə bağlı qərar verilib və Naxçıvanın futbol təsərrüfatımızda yenidən təmsil olunacağı təsdiqlənib. Futbolumuza və Naxçıvanlı futbol azərkeşlərinə xeyirli–uğurlu olsun! Lakin AFFA ənənəsinə sadiq qalaraq daha bir absurd qərarla I divizion klublarının Naxçıvana səfər xərclərini öz üzərinə götürüb. Səfər xərclərini ödəyə bilməyən klubların öhdəsinə qalan Azərbaycana futboluna heyfislənməkdən başqa əlimizdən nə gəlirki?..
 
Mənbə: Millifutbol.az, İlkin İsmayılov

Xəbər xətti