Azərbaycan kuboku: final oyununun ilkləri

13:40 - 25 Aprel 2014

"Neftçi" ardıcıl 3 dəfə finala yüksəldi
 
Azərbaycan kubokun yarımfinal mərhələsinin nəticələrinə əsasən “Neftçi” və “Qəbələ” klubları həlledici matça vəsiqə qazanıblar.

Sportal.az xəbər verir ki, mayın 22-də baş tutacaq final qarşılaşmasına bu 2 klubun çıxması kubok tarixində ilklərə səbəb olub.

Ölkə kubokunun 22 illik tarixində ilk dəfə eyni komanda ardıcıl 3-cü dəfə finala yüksəlib. Buna 2011/12 mövsümündə finalda uduzan, 2012/13 mövsümündə isə kuboku başı üzərinə qaldıran “Neftçi” nail olub. Bakılılar indiyədək heç kimin bacarmadığına imza atıb. Bunadək 6 dəfə eyni klub ardıcıl 2 finalın iştirakçısı olsa da, onlardan heç biri 3-cü mövsümdə bunu təkrarlamamışdı.

22 il ərzində yalnız 3 dəfə eyni baş məşqçi ardıcıl 2 finalda komandasının başında olmuşdu. Böyükağa Hacıyev “Neftçi” ilə ardıcıl 3-cü dəfə həlledici qarşılaşmaya yüksəlməklə ilkə imza atıb.

“Qəbələ” futbol klubu tarixində ilk dəfə Azərbaycan kubokunun finalına yüksəlib. Əyalət təmsilçisi bunu bacaran 16-cı komandadır. 8-ci dəfə finala vəsiqə əldə edən “Neftçi” isə bu siyahıya başçılıq edir: “Neftçi” 8, “Qarabağ” 6, “Xəzər Lənkəran” 5, “Kəpəz”, “İnter” hərəsi 4, “Bakı” 3, “Şəmkir”, “Kür” hərəsi 2, “Şəfa”, “İnşaatçı” (Bakı), “İnşaatçı” (Sabirabad), “Xəzri”, “MKT-Araz”, “Xəzər” (Lənkəran), “Karvan”, “Qəbələ” hərəsi 1 dəfə.

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Azərbaycan kubokunda finala komanda çıxaran ilk rusiyalı mütəxəssisdir. Bunadək legionerlərdən yalnız Ukrayna (Valentin Xodukin – 2, Anaroli Konkov, İqor Nakoneçnı), Gürcüstan (Kaxaber Sxadadze), Türkiyə (Cüneyt Biçər), Rumıniya (Mirça Rednik) və Uels (Con Toşak) təmsilçiləri komandalarını həlledici matça daşımışdı.

Xəbər xətti