Hesabat turu: "Neftçi" səfərdən xal gətirdi, "Xəzər Lənkəran"dan gözlənilən, "Qarabağ"dan vacib qələbə YAZI

15:15 - 22 Sentyabr 2014

"İnter"in liderliyi davam edir

 

Azərbaycan Premyer Liqasında 6-cı turun oyunları keçirilib. Sportal.az saytı oyunların təhlilini təqdim edir.

 

Belə komanda Hafiz Məmmədovun adına yaraşmır

 

İnter - Bakı 7:0 - “Bakı”nı qəbul eləyən “İnter” rəqib qapısından 7 top keçirdi. Kaxaber Sxadadzenin komandası hər zaman özündən zəif komandalarla oyunda xal itirməmək bacarığı ilə seçilib. Bunun nəticəsi kimi də, əsas rəqiblərinə uduzmağına baxmayaraq, sona qədər çempionluq mübarizəsini davam etdirib. Bu baxımdan “İnter”in “Bakı” üzərində qələbəsi gözlənilməz olmadı. Gözlənilməz olan bu oyunun hesabı idi. Hər zaman iddialılar sırasında görməyə alışdığımız “Bakı”nın aşkar autsayder durumunda olmasını görmək məyusedicidir. Belə komanda Hafiz Məmmədovun adına yaraşmır. Zənnimcə, “Bakı” vəziyyət düzələnə qədər aşağı divizionda çıxış etsəydi, daha yaxşı olardı.

 

Əsgər Abdullayevin acı etirafı

 

Xəzər Lənkəran - Araz Naxçıvan 2:0 -“Xəzər Lənkəran” doğma azarkeşləri önündə “Araz Naxçıvan” üzərində ehtimal olunan qələbəni əldən vermədi. Işini çətinə salan Oğuz Çətin də bu qələbə sayəsində bir qədər rahatladı. Oyundan sonra Naxçıvan təmsilçisinin baş məşqçisi Əsgər Abdullayevin açıqlaması isə daha aydın mənzərə yaratdı: “Gücümüz budur”. Əlbəttə, bu imkanlarla, bu heyətlə “Araz Naxçıvan” ən yaxşı halda Premyer Liqada yerini qorumaq üçün mübarizə apara bilər.

 

Tərlan Əhmədovu xilas edən qələbə

 

Sumqayıt - AZAL 0:1 - Bu mövsüm AZAL-ın nəticələrini incələsək, komandanın heç də bərbad çıxış etmədiyini görərik. “Xəzər Lənkəran”la heç-heçə, səfərdə “Qəbələ” üzərində qələbə, “Simurq”a səfər, “Qarabağ”a ev qələbəsi. Məntiqlə baxsaq, səfərdə “Simurq”la oyunlarda hələ çox komanda xal itirəcək. “Qarabağ”a gəlincə isə, bu komandanın potensialı hamıya bəllidir. Ancaq kənardan hiss olunur ki, komandanın baş məşqçisi Tərlan Əhmədova münasibət birmənalı deyil. Ona görə də, hesabat turunda “Sumqayıt” üzərində qələbə Tərlan Əhmədov üçün yerinə düşdü. “Sumqayıt” isə bir daha göstərdi ki, mövsümboyu yni tempdə oynayacaq futbolçulara malik deyil.

 

“Neftçi” Qəbələdən xalla qayıtdı

 

Qəbələ - Neftçi 0:0 - Turun mərkəzi oyunu “Qəbələ” və “Neftçi” komandaları arasında oldu. Son illər bu komandalar arasındakı oyunlar prinsipiallığı ilə seçilir. By oyun da maraqlı keçdi. Hər iki komanda istəkli görünsə də, hesab açılmadı. Son dəqiqələrdə Flavinyonun qapı tirindən qayıdan zərbəsi qol olsaydı, “Neftçi” evə 3 xal da apara bilərdi. Bu görüşdə Arif Əsədovun start heyətində 6 yerli futbolçuya güvənməsi də diqqətdən qaçmadı.

 

“Qarabağ” “Simurq” sindromunu qırdı

 

Qarabağ - Simurq 1:0 - Ötən mövsüm keçirilən oyunların heç birində “Simurq”u məğlub eləyə bilməyən “Qarabağ” bu dəfə 3 xalı əldən vermədi. Vüqar Nadirovun vurduğu qol sayəsində “Qarabağ” xal ehtiyatını yaxşılaşdırdı. Bu oyunda komandalar arasındakı səviyyə fərqi də özünü göstərdi.        

 

Emin ABBASOV 

Xəbər xətti