İlqar Qurbanov: "Amil Ağacanov hər iki epizodda yaxşı oynadı və qola imkan vermədi"

15:55 - 22 Sentyabr 2014

"Birinci hissədə bir qədər çətinlik çəkirdim"

 

Premyer Liqanın 6-cı turunda ölkə çempionu “Qarabağ” evdə “Simurq”u 1:0 hesabı ilə məğlub etdi.

 

Bu oyunda “Qarabağ”ın heyətində ən yaxşılardan biri də cinah müdafiəçisi İlqar Qurbanov idi. Ikinci hissədə sürətli cinah keçidləriylə diqqət mərkəzinə düşən Qurbanov bir neçə epizodda qol vurmağa da yaxın olub.

 

Oyundan sonra İlqar Qurbanov Sportal.az saytının əməkdaşına matçla bağlı fikirlərini bölüşüb:

 

“Demək olar ki, hər üç-dörd gündən bir oyuna çıxırıq. Bütün oyunlarımız da ağır keçir. “Simurq” da çətin rəqibdir, ötən mövsüm bu komandanı nəinki məğlub edə bildik, heç qol da vura bilmədik onlara. Bu dəfə də, çətin oyun oldu. Şükürlər olsun ki, qələbə qazandıq.

 

Özümə gəlincə, zədədən sonra ilk oyunum idi. Birinci hissədə bir qədər çətinlik çəkirdim, sanki tənginəfəs olurdum. Fasilədən sonra bir qədər tempi artırdım və iki epizodda qola yaxın oldum. Amil Ağacanov hər iki epizodda yaxşı oynadı və qola imkan vermədi.

 

Baş məşqçimiz Qurban Qurbanov hər zaman mənə şans verir. Çalışıram ki, onun etimadını doğruldum”. 

Xəbər xətti