"Əgər Reynaldo və Riçard Almeydaya ehtiyac duyulsa..."
Reynaldonun milliləşdirilməsi ilə yanaşı "Qarabağ"ın daha bir braziliyalısı Riçard Almeydanın da millimizə cəlb olunmasını istəyənlər çoxdur. Bu məsələ ilə bağlı Sportinfo.az saytı maraqlı yazı yerləşdiib:
Reynaldonun milliyə cəlb olunması aylardı gündəmdədi. Futbol ictimaiyyəti, mətbuat və azarkeşlər yekdilliklə tərəfdardı ki, braziliyalı əsas komandamızın şərəfini qorusun. Sentyabrın 17-də “Qarabağ”ın legioneri AFFA-nın inzibati binasında oldu. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovla birgə Elxan Məmmədovla görüşdü. Tərəflər arasında görüş zamanı futbolçunun millimizə çağırılması haqqında söhbət gedib. FFFA-nın baş katibi "sambaçı"dan yığmada oynamaq istədiyini soruşub, o da böyük məmnuniyyətlə yığmada çıxış etməyə hazır olduğunu bildirib.
Milli pasport almaq istəyən Reynaldonun məsələsində FİFA-nın qaydalarının müəyyən bəndləri var ki, onlara əməl etmək lazımdı. AFFA həm FİFA, həm də Braziliya Futbol Federasiyası ilə danışıqlar aparmalıdı. Futbolçu ilə razılığa gəlinib, indi qalıb bu iki qurumdan razılıq almaq. Həqiqətdə "sambaçı"nı milliləşdirmək AFFA-nın əlində heç nədi. Bir su içmək kimi asan. Sadəcə, burda bir əmma var ki, onu da Reynaldo yaratmır.
Braziliyalı "Qarabağ"ın formasını geyindiyi və Qurban Qurbanovun tapıntısı olduğu üçün istər E.Məmmədov, istərsə də Berti Foqts qısqanclıqdan partlayır. Adı gələndə sanki ikisinin başına qaynar su tökürlər. Təbii ki, milli maraqları üstün tutsaydılar, məsələ ictimailəşməmiş həllini tapardılar. Saqqız kimi uzadırlar. Reynaldonu milliləşdirməyi eləyiblər böyük bir problem. Almaniya türklərini və farslarına bir neçə günün içində pasport düzəldən AFFA-nın qarnını ağrısı yenə də, oxşayır ki, kəsməyəcək.
Bu bir yana, Riçard Almeydanı da milliləşdirmələri uzun çəkəcək. "Qarabağ"da bu ikilinin tandemi super alınır. Məhsuldar pasların əksəriyyəti ondan gəlir. Oyunu o qurur və aparır. Bütün toplar ona ötürülür və ondan düzgün ünvanına çatdırılır. Almeyda mərkəzdə gözə dəymirsə, yaxud meydana çıxmayıbsa, yeri həmən-həmən görünür. Başqa sözlə, Q.Qurbanov "20 nömrə"dən hər mənada yararlanır.
"Qarabağ"ın gücünə güc qatan həmyerlilər yığmamızın formasını geyinsə, əlbəttə ki, Foqtsun tör-töküntüləri qıraqda qalacaq. Almaniyalı baş məşqçi həm buna görə, həm də komandada "Qarabağ" havasının ucadan duyulmaması üçün yarımmüdafiəçiyə pasport verilməsinin əleyhinədi. Ağdam klubunda buna nə deyirlər? Sportinfo.az-ın sualını direktoru Əmərah Çəlikəl qısaca cavablandırdı: "Məncə, Berti Foqts hamımızdan yaxşı bilir bunları. Əgər Reynaldo və Riçard Almeydaya ehtiyac duyulsa, əminəm ki, onlar iki əllə, canla-başla Azərbaycan millisinə kömək edərlər. Hazırdılar da. Tam əminəm buna. Ancaq biz hansısa futbolçumuzu milliyə təklif etmirik. Əgər istəsələr, onlar oynayar millidə. Biz klub olaraq milliyə kömək etməyə həmişə hazırıq".