Elxan Məmmədovun "Reynaldo oyunu" YAZI

12:00 - 24 Sentyabr 2014

Başqa vaxt olsaydı, belə futbolçunu göydə qapardılar

 

Belələri hər sahədə var. Elxan Məmmədov kimilərini deyirəm. Özünü hamıdan ağıllı hesab eləyən, qarşısındakı nə desə, dərhal əksini iddia eləyən, bir sözlə, təkəbbürlü insanlar. 20 ildir düzəldə bilmədiyimiz futbolumuz da beləsinin əziyyətini çəkir.

 

“Almanlarla bir olaq, çoxlu pul qazanaq” şüarı ilə gecə-gündüz çalışan Elxan Məmmədov yenə iş başındadır. Adam qarşısına Reynaldonu milliləşdir(mə)mək vəzifəsi qoyub.

 

AFFA-nın baş katibi bir qədər əvvəl mətbuata açıqlama verdi ki, futbolçunun milliləşdirilməsi ilə bağlı FİFA-ya müraciət olunacaq. Elə danışdı ki, sanki artıq bu məsələ həll olunub. Ancaq həmin açıqlamadan heç üç-beş gün keçməyib, Məmmədov elə danışır ki, sanki əvvəlki açıqlamanı verən o, olmayıb. İndi də deyir ki, FİFA bizi cəzalandıra bilər...

 

Elxan Məmmədovun gah nala, gah mıxa vurmağı səbəbsiz deyil. Məsələ burasındadır ki, Reynaldonun milliləşdirilməsini nə Elxan Məmmədov, nə də Foqts istəyir. Başqa vaxt olsaydı, belə futbolçunu göydə qapardılar. Ancaq yenə eyni problem – Qurban Qurbanov!

 

Son illər Azərbaycan futbolunda az-çox müsbət nə varsa, böyük əksəriyyəti Qurban Qurbanovun adı ilə bağlıdır. Xeyli yerli futbolçu üzə çıxartdı, baxımlı futbol oynayan komanda yaratdı, Avropada ölkəmizin klub reytinqinə xeyli xal qazandırdı. Gördüyü işin nəticəsi kimi də, ölkədə böyük nüfuz qazandı. Təbii ki, bütün bunlar Elxan Məmmədov – Foqts cütlüyünü heç cür sevindirə bilməz. İndi də Reynaldo. Qurban Qurbanovun Azərbaycan futboluna qazandırdığı Reynaldo!

 

Reynaldonun milliləşdirilməsinin təşəbbüskarı isə AFFA prezidenti Rövnəq Abdullayevdir. Məhz onun tapşırığı ilə Elxan Məmmədov bu məsələ üzərində işləmək məcburiyyətində qalıb. Lakin baş katib heç bir halda buna imkan vermək istəmir və ona görə də həm ictimaiyyətlə, həm də AFFA-nın prezidenti ilə oyun oynayır. Bir tərəfdən deyir istəyirik, o biri tərəfdən isə deyir mümkün deyil.

 

Adama sual verərlər, mümkün deyildisə, niyə çıxıb deyirdin ki, FİFA-ya müraciət edəcəyik? Və ya, siz nə vaxt müraciət etdiz ki, FİFA-dan rədd cavab gəldi? Azərbaycana heç bir bağlılığı olmayan bu qədər əcnəbi necə milliləşdirilib bu günə qədər?

 

Emin ABBASOV

Xəbər xətti