AFFA-nın baş katibi yenə hamını çaşqınlığa salıb
Son günlərin ən çox müzakirə olunan mövzusu “Qarabağ”ın futbolçusu Reynaldonun milliləşdirilməsi ilə bağlıdır.
AFFA-nın baş katibi Elxan Məmmədov bir-birinə uyğun gəlməyən açıqlamaları hamını çaş-baş salıb.
Braziliyalı futbolçunu AFFA-ya çağıran, daha sonra isə FİFA-ya müraciət edəcəklərini deyən Məmmədov indi fərqli danışır və bu futbolçunun milliləşdirilməsinin mümkün olmadığını deyir.
“Futbolxeber.az” saytına müsahibə verən baş katib Reynaldonun AFFA-ya çağrılmasına belə izah verib:
“Ondan atasının, anasının, nənəsinin, babasının harada, nə vaxt anadan olduğunu, hansı ölkələrdə yaşadıqlarını öyrəndik. O, da bizə bütün lazımi məlumatları verdi. Təəssüf ki, biz bu günə kimi Reynaldo ilə Azərbaycan arasında heç bir bağlantı tapa bilməmişik”.
Əgər futbolumuzun baş katibi braziliyalı futbolçudan yalnız bunu soruşmaq üçün onu AFFA-ya çağırırsa, bunun bir adı var – Sözün bitdiyi yer!
Bu bilirsiz nəyə bənzəyir? Müdir zəng edir işçisinə, soruşur ki, hardasan? O da deyir Şamaxıda ailəmlə istirahət edirəm. Cavabında “təcili gəl yanıma, səni gözləyirəm” ifadəsini eşidir. İşçi 2 saatdan sonra girir müdirin otağına ki, görəsən, nə olub... Müdir də deyir, heç, elə əhvalınla maraqlanmaq istəyirdim, ona görə çağırdım.
Belə görünür ki, Elxan Məmmədov da elə bu təfəkkürün yiyəsidir.
Baş katibin daha bir açıqlaması da diqqətimizdən yayınmadı. Deməli, Bolqarıstanla oyundan əvvəl AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu sportal.az saytına açıqlama vermişdi:
“Elxan Məmmədov Reynaldo ilə görüşüb. Məsələ ilə bağlı FİFA-ya müraciət olunacaq. Belə məsələdə futbolçunun bizim ölkənin vətəndaşlığını daşımaq istəyində olması da rol oynayır. Bolqarıstanla matçda olmasa da, Reynaldo İtaliya və Xorvatiya ilə səfər matçlarında meydana çıxa bilər”.(http://sportal.az/?goal=news&id=44434)
Reynaldonun İtaliya və Xorvatiya ilə matçlarda milliyə dəvət ediləcəyi ilə bağlı suala Elxan Məmmədov belə cavab verib:
“Bu, absurddu. Bəli, bəziləri bunu deyirdi. Əgər, hansısa azarkeş və ya mütəxəssis Reynaldonu milliləşdirməyin yolunu bilirsə, qoy, bizə bunu tövsiyyə etsin. Onun milliləşdirilməsi üçün hüquqi cəhətdən əsas tapa bilmirik”.
Bu da futbol qurumumuz… Baş katib öz mətbuat katibini absurd danışmaqda ittiham eləyir!
Emin ABBASOV
saytlarin hazirlanmasi