Elxan Məmmədov, biz sizdən dənizi yarıb, fironun qoşununu məhv etmənizi istəmirik YAZI

19:00 - 24 Sentyabr 2014

FİFA-ya yazın ki...

 

Səhər-səhər Elxan müəllimin müsahibəsini oxuyanda, elə bil cərəyan vurdu məni. FİFA-nın 3 ədəd qaydasını oxuyub özünü dahi kimi aparır. Nə bilim media mənsubları savadsız suallar verir, gedin FİFA-nın qaydalarını oxuyun və s kimi ittihamlar səsləndirib. Elxan müəllim, FİFA-nın qaydalarını mən oxuyacamsa, siz nə işə baxırsız?!

 

İş yerlərində belə bir söz var ki, “əsas ən yaxşı olmaq deyil, vazkeçilməz olmaqdır”. Elxan bəy, siz yaxşı ola bilərsiz, hətta ən yaxşı da ola bilərsiz, amma vazkeçilməz deyilsiz. İndi niyəsini də açıqlayacam.

 

Elxan müəllim, düzünü bilmək istəyirsizsə, bəli, qaydalarla hardasa tanışlığımız var. Qəbul edirik, Reynaldonun və Almeydanın milliləşdirilməsi çox qəliz məsələdir. Amma nəzərinizə çatdırım ki, istənilən qanunda müəyyən boşluqlar olur. Kiçik işləri böyüdənlər, əllərindən böyük işlər gəlməyənlərdir. Biz istənilən qurumun başında elə rəhbər işçiləri görmək istəyirik ki, onlar bəzi məqamlarda qeyri-mümkünləri də mümkün edə bilsinlər. Biz sizdən dənizi yarıb, fironun qoşununu məhv etmənizi istəmirik. Özünüz düşünün, siz ya mən oturaq baş katib kreslosunda, siz də deyin alınmır, mən də deyim alınmır. Bəs onda sizə dövlət nəyə görə məvacib ödəyir?!

 

Neftin pulunu göyə sovurur, maddi güc heabına bir-iki nəaliyyət əldə edib özünüzü qəhrəman saymayın. İki il əvvəl “Neftçi”, indi isə “Qarabağ”ın Avroliqada çıxışını da AFFA-nın düzgün siyasətinin adına çıxarmayın. Mən hətta deyərdim ki, AFFA legioner limiti ilə klubların qarşısını kəsir. Burdan limit tətbiq edir ki, oyunçu yetişdirirəm. Digər tərəfdən Almaniyanın qeyri-peşəkar liqalarından lipaları gətirib sırıyır milliyə. Sizin yetişdirdiyiniz oyunçuların yalnız Avroliqanın təsnifatında “play-off” mərhələsinədək gücləri çatır. Bir nüansı da diqqətinizə çatdırım, yəqin almancanız zəifdir. Almanıyada yalnız 3 liqa peşkar sayılır. Bundesliqa, Bundesliqa 2 ve Liqa 3 qalanları hamısı qeyri-peşəkardır.

 

Belə bir fikir bildirmisiniz ki, Reynaldo Silva adında azərbaycanlı olar??? Bax bu sual sizdən milliləşdirlməni tələb edən hər media mənsubuna, hər azarkeşə təhqirdən də betərdi. Bizlər “uzunqulaq” deyilik. Bu suala cavab axtardığınıza da inanmıram. Onda mən də sizə eyni tipajda bir sual verim. Elxan müəllim, siz mənə Fabio Luis Ramim, Ufuk Budak, Əli Gökdemir, Taşkın İlter, Tuğrul Erat, Cihan Özkara, Branimir SubaşiçAndre LadaqaLeandro Qomeş, Ernani Pereira, Usim Nduka, Dmitri Nazarov, Maksim Vaylo, Sergey Sokolov, Volodimir Levin  adlı ikinci bir azərbaycanlı göstərə bilərsinizmi?! Bilirsiz, biz ikili standardların əleyhinəyik. Əgər milliləşdirmə olmayacaqsa, heç kəsi milliləşdirməyin, milliləşdirilənlərin hamısı millidən uzaqlaşdırılsın, ya da milliləşdirilirsə, onda bu torpaqlarda top qovan ən yaxşıları milliləşdirin. Qərar verin, “yığma”, yoxsa “milli”?! Necə deyərlər, “gedəcəyi limanı bilməyən gəmiyə heç bir küləkdən xeyir gəlməz”!

 

“Qəbələ” rəhbərliyindən başqa bütün yerdə qalan klublarımızın rəhbərliyini də eyni dərəcədə qınayıram. Çünkü mətbuata müsahiblərində bildiriblər ki, Reynaldo və Almeydanın milliləşdirilməsi “Qarabağ”ın lehinədir. Bir tək “Qəbələ” rəhbərliyi belə bir fikir bildirib ki, “niyə də yox?!” İnşallah, biz də elə səviyyəli legionerlər cəlb edərik ki, onların da milliyə köməyi dəysin”. Budur əsl peşəkar yanaşma.

 

Milliləşdirilən Türkiyə türkləri barəsində Elxan müəllim: “Bizlər bir millət, iki dövlətik”. Buna bizim də bir iradımız yoxdur. Onda qadan alım, bir Burak, Selçuk, Emre milliləşdir daaaaa! Amma yenə bir sual yaranır. Bəs yaxşı, niyə milliləşdirilməyən Türkiyə türkləri Premyer Liqada, Azəri türkləri isə Türkiyə Super liqasında legioner statusunda sayılır? Burda təzad var. Yenə qayıtdıq gəmi və liman məsələsinə. Elxan müəllimin bu şüarından sonra yadıma məhşur “Ana yurt” marşı düşdü. “Özbək, Türkmən, Uyqur, Tatar, Azəri bir boydur”. Gələcəkdə millimizdə adları sadalanan millətlərin nümayəndələrini görsək, heç də təccüblənməyək.

 

Qalır bircə Reynaldonun və Almeydanın milliləşdirilməsi. Gəlin, ona da mən sizə köməklik edim. FİFA-ya yazın ki, bəs bu qaragünlərlə bizim Adəm babamızdan, Həvva nənəmizdən qohumluğumuz çatır. Vəssəlam!

 

Elnur AZƏRİSOY

Xəbər xətti