"Neftçi"nin sabiq futbolçusu: "Sergey Kramarenko hakimin gözünün altına ilişdirdi, onda ara qarışdı" MÜSAHİBƏ

10:55 - 26 Sentyabr 2014

"Bundan sonra içməyə başladı, qaz kranını açıb intihar etmək istədi"

 

“Neftçi”nin sabiq futbolçusu Vitali Şevçenko Rusiyanın “Sport-Ekspress” qəzetinə müsahibə verib. Futbol veteranı Azərbaycan, Bakı və paytaxt təmsilçisi haqda da danışıb. Sportal.az Apasport.az saytına istinadən həmin müsahibəni təqdim edir.

 

- Doğuldunuz Bakı şəhərində sonuncu dəfə nə vaxt olmusuz?

- Sonuncu dəfə 3 il əvvəl. Azərbaycan futbolunun 100 illiyini qeyd edirdik. Ondan əvvəl isə 1985-ci ildə. Uşaqlıqda olduğum yerləri gəzdim. Yaşadığım həyət də, ev də yerində idi. Amma mənzilimizin qapısını döymədim.

 

- İrəvanda deyirdilər ki, “Podşivalov rus olsa da, onu sevirik”. Bəs sizin Bakıda vəziyyətiniz necə idi?

- Həmin vaxt millətçilik heç bir formada yox idi. Bakı SSRİ-nin ən beynəlmiləl şəhəri idi.

 

- Artyom Falyanı tanıyırdız?

- Bəli.

 

- Deyilənə görə “Neftçi”də cəmi 3 oyun keçirib, 2 avtoqola imza atdığı üçün “Top” (“Puşka”) ləqəbi almışdı...

- Atam onunla oynayıb. Falyan hamıya deyirdi ki, güclü zərbəsi olduğu üçün “Top” ləqəbi veriblər. Əslində isə siqaret çəkdiyi üçün belə deyirdilər.

 

- 1971-ci ildə Rostovdakı məşhur oyun...

- Başa düşdüm. Davam etməyin. OİK uduzsaydı, aşağı dəstəyə düşəcəkdi. Biz də 1:0 hesabı ilə öndə idik. Onda bizi sıxmağa başladılar. Ofsayddan vurulan ikinci qoldan sonra qapıçımız Sergey Kramarenko hakimin gözünün altına ilişdirdi. Onda ara qarışdı. Kramarenkonu da 3 illik kənarlaşdırdılar.

 

- 3 ilin hamısını oynamadı?

- 3 ili də oynamadan keçirdi. “Neftçi” ona nəsə ödəyirdi. Şəhərdə danışırdılar ki, həqiqət üzündən əziyyət çəkir. Topu tribunaya vuran Rafiq Quliyevi 1, yan xətt hakiminə tüpürən Mirzoyanı yarım illik cəzalandırdılar. Əvvəl bütün komandanı cəzalandırmaq istəyirdilər. Qəzetdə görmüşdüm ki, yerdə qalan 3 oyunda “Neftçi”yə 0:3 hesablı məğlubiyyət verilib. Lakin Heydər Əliyev başda olmaqla, partiya rəhbərliyi işə qarışdı. Komandanı saxladılar. Amma zədəli Hacıyevlə az-az oynayan Vyaçeslav Semiqlazovu cəzalandırdılar. Sonuncunun əvvəlki cəzası yenicə başa çatmışdı ki, yenidən cəza aldı. Bundan sonra futbolçu içməyə başladı, qaz kranını açıb intihar etmək istədi. Şükürlər olsun ki, xilas etdilər.

 

- Sizə dəymədilər?

- SSRİ yığması ilə Belfasta getmişdim və Moskvada futbol federasiyasının yığıncağına düşdüm. İclasda Kramarenkonun 3 deyil 4 il cəzalanması, Mirzoyan və mənimlə bağlı məsələlər müzakirə olunurdu.

 

- Bəs sizin hakimə tüpürmək istədiyini vaxt olub?

- Hə, belə an olub. 1971-ci ildə Daşkənddə “Paxtakor” qayda pozuntusu ilə bizə qol vurdu. Komandanın rəisi bizə meydanı tərk etmək tapşırığı verdi. Lakin baş məşqçimiz Ələkbər Məmmədov komandanı geri qaytardı. Qayıdıb 3:2 hesabı ilə qalib gəldik. Lakin “Paxtakor” oyunun yenidən keçirilməsinə nail oldu.

 

- Necə?

- Hakimə yol tapdılar. O da federasiyaya yazdı ki, ilk hissədəki qalmaqaldan sonra nəzarəti itirib və  qarşılaşmanı dəqiqə yarım tez bitirib. Bu da Əsasnaməyə görə yenidən oynamaq üçün kifayət etdi.

 

- Möcüzədir ki...

- Görüşü də aparıb çempionatın sonuna saldılar. Meydan sahibləri udsa da, aşağı dəstəyə yuvarlandı. Mən də Kiyev “Dinamo”suna keçdim. Onda Bakıdakılar günümü qara elədi. Maşınımı etibarnamə ilə satmışdım. Xəbər yayıldı ki, guya adam vurmuşam.

 

- ???

- Məni hər yolla Bakıya qaytarmaq istəyirdilər. “Neftçi”də saxlamaq üçün başqa nələrsə də fikirləşərdilər. Kiyevdə mənə dedilər ki, qarışma, biz həll edərik. Azərbaycana iki milisioner yolladılar. “Volqa”mı satdığım adamı tapıb, pulunu verib, maşını aldılar. Ona yeni nömrə alıb. Kiyevə gətirdilər.

 

- Həmin vaxt öz xoşunuzla Bakıya qayıtsaydız, necə olardı?

- İnanmıram ki, həbs edərdilər. Hansısa alver işini adıma yamayıb qorxuzardılar. Onlar maşınımı satdığım adama da hədə-qorxu gəlmişdilər. Ona demişdilər ki, Şevçenkonun maşın üçün 2 min manat artıq aldığını iddia etdin. Bundan sonra qəza ilə bağlı əhvalatı fikirləşiblər.

 

- Aldığınız ağır zədə haqda isə o qədər yazılmayıb?

- Bakıdakı oyunda Albert Şesternyovla toqquşdum. Bir ay oynamadım, bərpa olundum. Kiyevə gələndə yoxladılar. Hər şey qaydasında idi. Rostovdakı matçda Kudasovla toqquşdum. Yenidən həmin ayağım əzilmişdi.

 

Xəbər xətti