"Xaqani Məmmədovu eksponat kimi AFFA-nın muzeyinə qoymaq lazımdır"
Premyer Liqanın hesabat turunda "Neftçi" mərkəzi oyunda "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub. Lakin bu oyunda baş hakim Orxan Məmmədovun idarəçiliyi "Neftçi" klubunu razı salmayıb. Klub prezidentinin müşaviri Elnur Əşrəfoğlu bununla bağlı fikirlərini Sportal.az saytına bildirib:
“Qarabağ”ın hansı gücdə olduğunu bilirdik. Bu komanda Avrokuboklarda öz sözünü demiş komandadır. Bu gün də bizdən üstün oynadılar. Ancaq bir məsələ var ki, hakim oyunu ədalətli idarə eləmədi.
35-ci dəqiqədə yan xətt hakiminin kobud səhvi üzündən qapımıza səhv penalti verildi. Həmin epizod baş hakimin gözü qarşısında olmuşdu. Bu məsələyə yan xətt hakiminin müdaxilə etməsi absurddu. Xeyli uzaqda olan Elman Musayev başını hara soxub penalti təyin eləyir? Televiziyada da göstərilən təkrardan açıq-aşkar görünür ki, penaltidən söhbət gedə bilməzdi.
“Qarabağ”ın üçüncü qolu zamanı isə meydanın mərkəzində Nfora qarşı kobudluq var idi. Lakin hakim davam işarəsi verdi və qapımıza üçüncü qol vuruldu. Oyunun yaxşı keçməsinə hakim imkan vermədi. “Qarabağ” kimi oynayan bir komandanın hakimin köməyinə ehtiyacı yoxdur. Xaqani Məmmədov başda olmaqla Hakimlər Komitəsinin nə işlə məşğul olduğu bizə aydın deyil. Gürcüstanda olduğu kimi 4-5 hakim həbsə atılsa, bəlkə o zaman ağılları başlarına gələr.
Xaqani Məmmədovu eksponat kimi AFFA-nın muzeyinə qoymaq lazımdır. “Sehrli xalat” filmindəki kimi gəlib ona baxsınlar. Bu necə sədrdir ki, bütün təcrübəli hakimlər birinci divizona, gənclər isə Premyer Liqaya təyinat alır. Necə işləyir ki, mərkəzi oyunu idarə eləmək üçün təcrübəli hakim tapmır. Oyunu yaxşı idarə etmədiyi üçün Orxan Məmmədovun iki il əvvəl Qəbələdə evini yandırmışdılar. Yan xətt hakimi Elman Musayevin penalti qərarı da qərəzli idi. PFL prezidenti Ramin Musayev də gördü ki, penalti yoxdur. Şikayətimizi oyunun protolunda da penalti və üçüncü qolun vurulması ilə bağlı şikayətmizi qeyd etdik. Xaqani Məmmədovdan soruşuruq ki, orada penalti var idi? O da deyir, oyuna baxmamışam. Təsəvvür eləyin də, Komitə sədri turun mərkəzi oyununu izləmir. Deməli, o, işinin öhdəsindən gələ bilmir.
AFFA prezidenti hakimlərə bu qədər pul yatırır, ancaq Premyer Liqanın oyunlarını idarə etmək üçün hakim tapılmır. Ölkəmizdə bir peşə sahibi göstərin ki, 90 dəqiqə ərzində 800 manat pul qazansın. İdman jurnalistlərinin iki aylıq əmək haqqısını bunlar 90 dəqiqəyə alırlar. Bütün bunlara baxmayaraq, rəhbərliyimiz Əmrah Çəlikəli, baş məşqçimiz Qurban Qurbanovu, şəxsən mən də onların mətbuat katibi Nurlan İbrahimovu təbrik etdim. İtaliyadakı oyunda da “Qarabağ”a uğurlar arzualyırıq".
saytlarin hazirlanmasi