Oğuz Çətin: "Oyunçuların mübarizəsindən razıyam"

22:20 - 28 Sentyabr 2014

"Oyun baxımından çatışmazlıqlarımız var"

 

Azərbaycan Premyer Liqasının 7-ci turunun son oyunu Qəbələdə baş tutdu. “Qəbələ” – “Xəzər Lənkəran” görüşü 1-1 hesabı ilə yekunlaşdı.

 

Sportal.az xəbər verir ki, "Xəzər Lənkəran" klubunun baş məşqçisi Oğuz Çətin qarşılaşma ilə bağlı bunları söyləyib:

 

“7-ci oyunumuzu keçirdik. Bu müddət ərzində problemlərimiz eynidir. Yaxşı hücumlar qurur, oyuna nəzarət edirik. Amma çox adi bir epizodda qol buraxırıq. Mən futbolçularımdan razı qaldım. Komanda məğlub duruma düşsə də,  sonra toparlandı, qol vurdu. 2 xal itirdiyimiz üçün narahatam. Bunun fonunda mübarizədən qopmayan oyunçularımı təbrik edirəm. Konkret olaraq, ad çəkmək istəmirəm. Lakin məlumdur ki, heyətdə yer alan bəzi futbolçular öz potensiallarından aşağı səviyyədə çıxış etdilər. Düşünürəm ki, milli üzvləri  bu fasilədən sonra özlərini daha yaxşı tərəfdən göstərəcəklər. Xüsusən də, qol nöqtələrində daha bacarıqlı olmalıyıq. Oyunçuların mübarizəsindən razıyam, sadəcə oyun baxımından çatışmazlıqlarımız var”.

Xəbər xətti