"Araz Naxçıvan"ın dərdi nədir? YAZI

00:40 - 29 Sentyabr 2014

Və ya 5 oyunda çıxarılan 3 "oyun"

 

Ötən mövsüm I Divizionda çempion olan “Araz Naxçıvan” Azərbaycan Premyer Liqasında çıxış etmək hüququ qazandı. Bu, olduqca müsbət məqam idi. Birincisi, uzun illərdən sonra böyük futbol Naxçıvana qayıtdı. Düzdür, komanda hələ I Divizionda çıxış edəndə də Naxçıvanda futbol var idi. Amma etiraf edək ki, I Divizionla Premyer Liqanın səviyyəsi arasındakı fərq çox böyükdür. Digər tərəfdən də “Araz Naxçıvan”ın Premyer Liqaya qayıtması ölkə futbolunun kütləviləşməsi və əhatə dairəsinin genişlənməsi baxımından da böyük önəm kəsb edir. Lənkəran, Zaqatala, Qəbələ və Sumqayıtın ardınca Naxçıvan təmsilçisinin də Premyer Liqada çıxış etməsi çempionatın “Bakı birinciliyi” statusundan qurtulmasında rol oynadı.

 

“Araz Naxçıvan”ın Premyer Liqada çıxışı həm gənclər, eləcə də son zamanlar kölgəyə çəkilən futbolçular üçün də bir şans oldu. Komandanın maliyyə durumu heyətə güclü legionrlərin cəlb edilməsinə imkan vermir. Digər tərəfdən də klub rəhbərliyi komandanın əsasını gəlmələrin deyil, yerlilərin təşkil etməsinin tərəfdarıdır. Təsadüfi deyil ki, “Araz Naxçıvan”ın PFL-ə təqdim etdiyi iştirak ərizəsində yer alan 31 futbolçudan cəmi 3-ü legionerdir. Klub Elçin Sadıqov, Emin Cəfərquliyev, Elgiz Kərəmli, Budaq Nəsirov, Eşqin Quliyev, Qərib İbrahimov, Kamil Nurəhmədov, Bəxtiyar Soltanov kimi gənclər, Kamal Bayramov, Aqil Nəbiyev, Saşa Yunisoğlu, Ramal Hüseynov kimi son zamanlar kölgədə qalan futbolçular üçün özlərini sübut etmək baxımından bir şans idi.

 

Premyer Liqada Əsgər Abdullayevin komandası üçün hər şey əla başladı. İlk turda öz meydanında “Neftçi”ni qəbul edən Naxçıvan təmsilçisi rəqibini 3 cavabsız qolla diz çökdürdü. Düzdür, bəziləri bu yenilgini “Neftçi”nin meydana optimal heyətlə çıxmaması ilə əlaqələndirirdilər. Lakin bu, “Araz Naxçıvan”ın haqqını tapdalamaq deməkdir. Çünki, “Neftçi”nin heyətində həmin gün meydana çıxan futbolçulardan çoxu bir neçə gün əvvəl Avroliqa matçında da meydanda idilər. “Neftçi” üzərindəki qələbədən sonra “Araz Naxçıvan”lı futbolçuların açıqlamaları, müsahibləri mətbuatı bəzədi. Hamısı da iddialı danışırdı...

 

İkinci turda “Araz Naxçıvan” səfərdə “Qəbələ”nin qonağı oldu. Bu matçda da komanda pis təsir bağışlamadı. Düzdür, yekunda 3 xal “Qəbələ”yə qismət oldu. Amma çətin səfərdə Əsgər Abdullayevin komandası rəqiblə başa-baş mübarizə apardı. Dördüncü turdan isə “Araz Naxçıvan”ın başının üstünü qara buludlar almağa başladı. Əvvəlcə komanda səfərdə “Sumqayıt”a uduzdu. Yenilginin ertəsi günü Naxçıvan klubu aləmi bir-birinə vurdu. Komanda rəsmi feysbuk səhifəsi vasitəsi ilə çempionatdan imtina etdiyini aləmə car çəkdi. Özü də bu, bir qədər qeyri-ciddi şəkildə atılmış addım idi. Feysbuk səhifəsi ilə də bəyanat olar? Elə bu səbəbdəndir ki, bir çoxları kimi PFL prezidenti Ramin Musayev də naxçıvanlıların addımını gülüşlə qarşıladı. Yaranan ajiotaja baxmayaraq, “Araz Naxçıvan” yekunda sözünün üstündə durmadı. Komanda nəinki çempionatdan çıxdı, heç AFFA və PFL qarşısında belə bir istəklə də çıxış etmədi. Necə deyərlər, sakit şəkildə söhbəti bağladılar.

 

Buradan isə belə fikir formalaşdı ki, komanda çempionatdan çıxmaq fikrində deyil. Bu, qəsdən ortaya atılmış iddia idi. Səbəb isə ikidir. Birincisi, Naxçıvan klubu bu addımla AFFA-ya, PFL-ə “xox” gəlmək istəyirdi. 90-cı illərin əvvəllərində olduğu kimi. Digər səbəb isə bu addımı atmaqla komanda ardıcıl iki yenilgini unutdurmaq, diqqəti başqa səmtə yönəltmək istəyi idi. Sanki biz bu varianta aldanacaqdıq. Biz nələr görmüşük, nələr.

 

Çempionatdan çıxmaq eşqi unudulmamış “Araz Naxçıvan”lılar başqa məqamla gündəmi zəbt etdilər. Belə ki, baş məşqçi Əsgər Abdullayevin qərarına əsasən 3 futbolçu – Elhad Nəziri, Vüqar Əsgərov və Aleksandr Krutskeviç komandadan uzaqlaşdırıldı. Vüqar və Aleksandrdan fərqli olaraq, Elhad Nəziri komandadan gedişini sakit şəkildə qarşılamadı. Mətbuata verdiyi açıqlamada Elhad baş məşqçi Əsgər Abdullayevi sərt şəkildə tənqid etməklə yanaşı, həm də komandadakı legionerləri oyun satmaqda ittiham etdi. Ən qəribəsi Nəzirinin bu ittihamlarına “Araz Naxçıvan”ın futbolçularının klubun rəsmi saytı vasitəsi ilə cavab vermələri oldu. Həqiqətən də olduqca gülünc mənzərə idi. Yəqin ki, dünya praktikasında bu günə kimi hansısa futbolçuya klubun rəsmi saytı vasitəsi ilə başqa oyunçuların adından cavab verilməsi nümunəsinə rast gəlinməyib. Bu baxımdan ilkə imza atan naxçıvanlıların bu addımının orijinallığının səbəblərindən biri də o idi ki, Nəziri legionerləri oyun satmaqda ittiham etdiyi halda, gənc müdafiəçiyə yerlilər cavab verdi. Bütün bu addımlar “Araz Naxçıvan”ın qeyri-ciddiliyinin göstəricisi idi.

 

Bu günlərdə “Araz Naxçıvan”a yeni məşqçi təyinatı gerçəkləşdi. Sakit Rzayev komandaya fiziki hazırlıq üzrə məşqçi təyin olundu. İstənilən komandaya fikizi hazırlıq üzrə məşqçi lazımdır, bu, aydın məsələdir. Amma Sakit Rzayev kimdir? “Google”də axtarış versəm də, gənc məşqçi barədə internetdə heç bir məlumat tapmadım. Orada yalnız Rzayevin “Araz Naxçıvan”a məşqçi təyin olunması barədə xəbər var idi. Deməli, “Araz Naxçıvan” Rzayevin ilk iş yeri olacaq. Buna kimi menecer kimi fəaliyyət göstərən Sakit Rzayev gələcəkdə bəlkə də çox yaxşı məşqçi olacaq. Bunu indidən heç kim inkar edə bilməz. Amma fakt budur ki, Premyer Liqada çıxış edən komandanın fiziki hazırlığını heç vaxt məşqçi kimi çalışmayan birisinə həvalə etmək heç də birmənalı qarşılanmır.

 

Göründüyü kimi, “Araz Naxçıvan”ın məharəti saymaqla bitəcək qədər deyil. Komandada qeyri-peşəkarlıqlar bir-birini əvəz edir. Geridə qalan 6 turda 5 oyuna çıxan Naxçıvan təmsilçisi cəmi 3 xal qazanıb ki, bu da komandanın gələcək perspektivini şübhə altına salır.

 

Şahin ZÜLFÜQAROV “Het-trik news” qəzeti

Xəbər xətti