12 yaşım olanda mən də "lipa" olmuşam
Yola saldığımız həftə futbol mətbəximizdə o qədər maraqlı hadisələr oldu ki, heç darıxmadıq. Özümə söz vermişdim ki, uzun müddətdir idman mediasının gündəmini zəbt edən Reynaldonun milliləşdirilməsi məsələsinə toxunmayacam. Amma, alınmadı. Bu xəbər ortaya atılandan braziliyalının yığmamızda oynamasının əleyhinə olmuşam. Fikrimi isə əsas komandada ancaq və ancaq yerli futbolçuların çıxış etməsinin tərəfdarı olmağımla əsaslandırmışam. Bir milliləşdirilmiş futbolçu bir yerlinin kölgədə qalması, milli çempionatda ehtiyatda oturması, həmin futbolçunun karyerasının məhv olması deməkdir. Qısası, Reynaldonun yığmadan kənarda qalmasına çox sevindim. Sağ əli Foqtsun və digər gəlmələrin başına. AFFA hələ də bilmir ki, futbolumuzun inkişafı üçün “lipa”ların heç bir xeyri yoxdur? Soruşa bilərsiniz ki, bunun AFFA ilə nə əlaqəsi var. İzah edim. “Lipa” adətən təvəllüdünü azaldan futbolçulara deyirlər. Yəni, saxtalaşdıran. Nə fərqi var, məgər pasportunu, milliyətini saxtalaşdıranlar “lipa” deyil? “Lipa”dı, vallah “lipa”dı. AFFA bu işlə məşğul olanda, klublarımıza nə deyəsən?
Reynaldonu bir kənara qoyub keçid alım öz “lipa”larımıza. Yəni, tərəfini tutduğum yerlilərə. Ötən həftə 1-ci Divizionda keçirilən “Mil-Muğan” – “Turan-T” görüşündə baş verən hadisədən yəqin ki, xəbərdarsınız. Xatırladım ki, həmin oyunda meydan sahiblərinin heyətində 1993-cü il təvəllüdlü Fərid İbrahimlinin yerinə 1990-cı il doğumlu Orxan Məhərrəmov meydana çıxmışdı. Yəni, “Mil-Muğan” “lipa” futbolçu oynatmışdı. Ağlım kəsəndən futbolumuzda “lipa” probleminin olduğunun şahidiyəm. 12 yaşım olanda mən də “lipa” olmuşam. Amma həmin vaxt bunun fərqində deyildim. Çünki uşaq idim və özümdən kiçiklərlə oynamaqda qəbahət görmürdüm. Başqa sözlə, elə bilirdim ki, belə də olmalıdır. Yaşlandıqca isə, “lipalaşdırma”nın necə bir şərəfsiz iş olduğunu anladım. Azərbaycan futbolunda hara baxsan “lipa” ilə rastlaşacaqsan. Doğrudur, “lipa”lardan heç biri günahını (bəlkə də başqalarının günahını) boyunlarına almayacaqlar. Elə futbolçu tanıyıram ki, təvəllüdünü 3-4 il azaldıb. Gəl ki, adamın üzünə qırmızı-qırmızı dayanır ki, “lipa” deyiləm.
Yenə də qayıdım “Mil-Muğan” – “Turan-T” oyununa. Həmin qarşılaşmadan sonra “lipa”sı olan komandaya texniki məğlubiyyət verildi. Baş məşqçi Mətləb Məmmədov isə futboldan 1 illiyə uzaqlaşdırıldı. Guya, bununla problem həll olundu. Guya, indən belə heç bir klub “lipa” futbolçunun xidmətindən yararlanmayacaq. Guya, “lipa”lar üzə çıxıb deyəcəklər ki, “amandı, bizi bağışlayın, səhv etmişik. Bığlı-saqqalı kişi olanda uşaqlara qarşı oynadığımıza görə utanırıq” və s. və i. Nə qədər ki, futbolumuzda “lipa”lar at oynadacaq, problem həll olunmamış qalacaq. Heç vaxt da düzəlməyəcək. Mətləb Məmmədov komandanın baş məşqçisidir və baş verən hər bir nöqsana görə cavabdehlik daşıyır. Amma... İndi məni inandırın ki, klub rəhbərliyi Mətləbin “lipa” oynatmasından xəbərsiz idi? Məgər, klub rəhbərliyi Orxanla Fəridi tanımırdı? Əlbəttə, tanıyırdı. Hətta “lipa” futbolçunun meydana onların təklifi və təkidi ilə buraxılmasını da deyə bilərəm. Sadəcə, yanan Mətləb oldu. Baş məşqçi nə çarədir ki, rəhbərliyin dediyini yerinə yetirməsin. Yoxsa, işsiz qalacaqdı. İnanmırsınız? Əgər klubun bu hadisədən xəbəri olmasaydı, Məmmədov elə həmin oyundan sonra qovulardı. Amma hələ ki, komandadadır.
“Lipa” rus dilindən tərcümədə “saxta” mənasını verir. Deməli, bu işi görənlər saxtakardırlar. Saxtakarlıqla məşğul olanları həm də dələduz adlandırmaq olar. Yəni, el arasında daha məşhur olan “moşennik”. Hə, necəsiniz “moşennik”lər? Xoşunuza gəldi bu ad? Hələ sizə başqa ad da tapmışam, indi təqdim edəcəm. Kənd həyatından xəbərdar olanlar bilirlər ki, odun, kərən, tir yarmaq, parçalamaq üçün baltadan və mişardan istifadə edilir. Bu alətlərin gücü çatmayanda “paz” deyilən daha bir əmək aləti var ki, ondan yararlanırlar. Paz həm dəmirdən, həm də elə ağacın özündən hazırlanır. Ən yaxşısı və keyfiyyətlisi cökə ağacından düzəldilən paz hesab edilir. Cökə isə rus dilində... “lipa” deməkdir. Bu da sizə təzə ad, sağlıqla daşıyın – futbolumuzun pazları. Özü də cökə pazları.
İlqar TAĞIYEV “Het-trik news” qəzeti
saytlarin hazirlanmasi