Azarkeş problemi, yoxsa biganəlik
Bu gün Azərbaycan futbolunda problemləri saqmaqla qurtaran deyil. Yığmamızın uğursuz çıxışı, futbolçularımızın güclü klublarda legioner həyatı yaşaya bilməməsi, hakimlik, süni ot örtüklü meydançaların sayının günü-gündən artması, “lipa” problemi, uşaq futbolundakı çalışmazlıqlar və s. Siz AFFA və klub rəsmilərinin “Azərbaycan futbolu inkişaf edir” sözlərinə inanmayın. Düzdür, inkişaf var. Ancaq bu inkişaf tısbağa sürəti ilə gedir və futbola xərclənən pullarla riyazi dildə desək, tərs mütənasib təşkil edir.
Fikrimi bir qədər aydın izah edim. Bir ölkənin ki, yığması qələbə qazananda hər futbolçu 50, 80, 100 min manata mükafat alırsa, o ölkənin yığması öz meydanında Bolqarıstana uduzmamalıdı. Bir ölkədə ki, iddialı klubların büdcəsi 15-20 milyon dollar təşkil edir, həmin ölkənin klubları 2-3 ildən bir yox, hər il avrokubokların qrup mərhələsində oynamalıdırlar. Bir ölkənin ki, hakimləri hər il qışda Türkiyədə, yayda Sloveniya, Polşa kimi ölkələrdə təlim-məşq toplanışı keçirlərsə, o ölkənin hakimləri mütləq avrokubokların qrup mərhələsində oyun idarə etməlidir. Bu siyahını, cümlələri xeyli uzada bilərəm. Amma sözümün canı başqadı.
Yuxarıda sadaladıqlarımla yanaşı, futbolumuzun daha bir problemli yeri var. Bu da azarkeş məsələsidi. Kim istəyir incisin, kim istəyir inciməsin, şəxsi fikrimdi – bu ölkədə futbol sevilmir. Söhbət təkcə futboldan da getmir. Ümumiyyətlə, idman sevilmir. Təbii ki, əksini iddia edənlər tapılacaq. Amma gəlin məsələyə fərqli müstəvidə yanaşaq. Bu gün orta səviyyəli bir futbolçu ilə birgə çıxaq şəhərə. Görək, onu neçə nəfər tanıyacaq? Maksimum 10. Amma dünən peyda olan, 1-2 dəfə efirdə çıxan bir müğənni ilə eyni sınağı həyata keçirsək, həmin sənətçini tanıyanların sayı ən azı 4-5 çox artıq olacaq. Niyə? Çünki bizim televiziyalar idmanı deyil, şou-biznesi, hətta kobud da səslənsə, əxlaqsızlığı təbliğ edirlər. Bu gün Azərbaycanda neçə kanal var? Onların neçəsində futbol proqramı var? Maksimum 2-3-ündə. Futbol verilişləri də bütün kanallarda ən mənasız vaxtda efirə gedir. Amma hər bir kanalda şou-biznesə aid olan ən azı 2 veriliş hazırlanır.
“Qarabağ”ın Avroliqada keçirdiyi oyunlarda Respublika stadionu tam dolur. Amma Ağdam klubunun çempionat oyunlarında stadiona heç min azarkeş toplaşmır. Buradan da avrokubok oyunlarındakı azarkeşliyin süni xarakter daşıdığı aydın olur. Ya insanlar “qonşudan qalma dala” prinsipini əsas götürərək, avrokubok matçında stadiona gəlirlər, ya da saxta patriotluq nümayiş etdirirlər. Bunun başqa adı yoxdur... “Qarabağ” Azərbaycan Premyer Liqasında son ev oyununu “Simurq”a qarşı keçirib. Həmin matçı stadiondan canlı olaraq cəmi 200 azarkeş izləyib. Hardaydı “Sent Etyen”lə oyundakı 30 min insan? Niyə gəlməmişdilər stadiona? Özü də fransızlarla oyundan fərqli olaraq, “Simurq”la oyun istirahət gününə təsadüf edirdi. İş günü futbola tamaşa etməyə gələnlər bazar günü buna imkan tapa bilmirlər? Bəli, “Sent Etyen”lə, “Tvente”ylə, “Zalsburq”la oyunda azarkeşlər sona kimi komandanı dəstəklədilər. İstər “Qarabağ”ın, istərsə də rəqibin futbolçuları oyundan sonra fanatların dəstəyini xüsusi qabartdılar. Amma niyə həmin azarkeşlər “Simurq”la oyunda yox idilər?
Bu dediklərimiz tək “Qarabağ”a aid deyil. İstər “Neftçi” olsun, istər “Bakı”, istər AZAL, istərsə də “İnter”. Paytaxt klublarının azarkeş baxımından vəziyyəti çox acınacaqlıdır.
5-ci turda baş tutan “Böyük oyun”u stadiondan 2000 min azarkeş izləmişdi. Çox gülməli rəqəmdi, deyilmi? Ölkənin 1 nömrəli derbisi sayılan oyun və cəmi 2000 futbolsevər. Tanınmış yox, sıravi bir müğənninin feysbukda yazdığı adicə bir statusa belə, bundan çox “layk” gəlir...
Şübhəsiz, hər şeyi azarkeşin üstünə atmaq fikrində deyiləm. Onların stadiondan uzaq düşməsinin günahının bir qismi də klublardadır. Amma azərbaycanlı futbolsevərlərin bir qismi heç komandaları çempion olanda belə stadionda görünmürlərsə, onlara necə “azarkeş” adını vermək olar?
Avroliqanın “play-off” mərhələsinin ilk oyununda səfərdə “Partizan”a 2:3 hesabı ilə uduzan “Neftçi”ni hava limanında 1 azarkeş belə qarşılamamışdı. Qrup mərhələsinə vəsiqə qazanandan sonra komandanı hava limanında qarşılamağa nə var ki?..
İbrahim Cəfərov “Het-trik news” qəzeti
saytlarin hazirlanmasi