"İnanıram ki, qrupdan çıxa bilərik"
“Qarabağ”ın braziliyalı legioneri Riçard Almeydaın Sportal.az saytına müsahibəsi
Premyer Liqada “Neftçi” üzərində 3:1 hesablı qələbə qazandız. Ancaq son illər olduğu kimi, bu dəfə də futbolçular bir-birinə qarşı sərt oynayırdı. Bu qarşıdurmalarda da yenə sən diqqət mərkəzində idin.
Tək Azərbaycanda deyil, bütün ölkələrdə iki böyük klub arasındakı matçlar gərgin keçir. Burada qeyri-adi heç nə yoxdur. Məni sevindirən məqam odur ki, son oyunlarda qələbə qazanan tərəf biz oluruq.
Son dövrlər Reynaldonun milliləşdirilməsi gündəmdədir. Ancaq səni də Azərbaycan yığmasında görmək istəyənlər az deyil. Təklif olsa, razılaşarsan?
İlk növbədə onu deyim ki, Reynaldonun milliləşdirilməsi Azərbaycan futbolu üçün xeyirli olar. Reynaldo nə Messidir, nə də Ronaldo, amma o, Avropanın bir çox orta səviyyəli futbolçularından daha üstün oyunçudur. Mənə gəlincə isə, hər futbolçu yığmada oynamasını istəyər. Ancaq Braziliya yığmasında çıxış etmək üçün heç bir şansım yoxdur. Azərbaycan millisindən təklif gəlsə, məmnuniyyətlə qəbul edərəm. Çünki belədə Avropa və dünya çempionatlarının seçmə mərhələlərində oynamaq şansı qazanacam. Lakin mənim üçün bu dəqiqə ən əsası “Qarabağ”dır. Bütün diqqətimi klubdakı oyunuma yönəltmişəm.
Ölkəmizə Portuqaliya çempionatından gəlmisən və artıq neçə mövsümdür ki, Azərbaycandasan. Bizim Premyer Liqa ilə Portuqaliya Liqası arasında hansı fərqlər var?
Ən əsas fərq ondadır ki, Portuqaliya çempionatında səviyyəli futbolçular daha çoxdur. Məhz bu məqam ümumi duruma təsir eləyir.
Azərbaycanda “Qarabağ”a həm də Qafqazın “Barselona”sı deyirlər. Bu bənzətməyə necə baxırsan?
Məncə, “Barselona” elə “Barselona”dır, “Qarabağ” da elə “Qarabağ”dır. İspaniya təmsilçisi çox böyük klubdur.
Azərbaycanlı futbolsevərlər “Qarabağ”ın Avroliqada “İnter”lə oyununu həyəcanla gözləyir. Necədir vəziyyət?
Avropanın ən böyük klublarından birinə qarşı oynayırıq. Ancaq biz İtaliyaya istəkli yollanırıq və azarkeşlər də əmin olsunlar ki, çox gözəl bir matç olacaq.
“Qarabağ” “pley-off” mərhələsində adlaması nə qədər mümkün görünür?
İdmançı həmişə gərək özünü nikbin nəticələrə hazırlasından. Digər tərəfdən də baxsaq, baş məşqçimiz Qurban Qurbanovun sayəsində Avrokuboklarda xeyli təcrübəmiz var. Şəxsən mən inanıram ki, qrupdan çıxa bilərik.
Emin ABBASOV, Milan şəhəri.
saytlarin hazirlanmasi