Sadıq Sadıqov: "Elnur Məmmədov mənim təklifimlə bu vəzifəyə təyin olundu"MÜSAHİBƏ

01:10 - 2 Oktyabr 2014

"Bu, danılmaz statistikadı"


“Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun apasport.az saytına müsahibəsi

  - Kluba yeni vitse-prezident təyin etdiniz. Bununla bağlı fikirlərini bilmək istərdik...

- Bildiyiniz kimi, bir müddət əvvəl klubun vitse-prezidenti Tahir Süleymanov istefa ərizəsi ilə mənə müraciət etdi. Onun istefası qəbul edildi. Süleymanov futbol sahəsini dərindən bilən mütəxəssisdi. Onunla birgə 5 ilə yaxın çalışdıq. “Neftçi”nin son illər qazandığı uğurlarda Tahir Süleymanovun da əməyi danılmazdı. Artıq müəyyən müddət idi yeni vitse-prezident axtarışında idim. Elnur Məmmədov mənim təklifimlə bu vəzifəyə təyin olundu. Onu uzun müddətdir tanıyıram. Bizim klub əməkdaşları ilə birlikdə UEFA-nın və FİFA-nın seminar və tədbirlərində iştirak edib. Birlikdə “Bakcell Arena”da “Neftçi”nin daxili və beynəlxalq oyunlarını izləmişik. Onun futbol fəlsəfəsinə yaxından bələdəm. Bu sahədə müəyyən təcrübəyə malik bir gəncdi. Bu gün (müsahibə dünən götürülüb – red.) onu komanda üzvlərinə, inzibati heyətə təqdim etdim. Artıq o da “Neftçi” ailəsinin bir üzvüdür.
 
- Bu mövsüm “Neftçi”nin qarşısındakı vəzifə nədi?
- Ötən mövsüm “Neftçi” Azərbaycan kubokunun qalibi oldu, Avropa Liqasının pley-off mərhələsində oynadı. Baş məşqçi Böyükağa Hacıyevin istirahətə ehtiyacı var idi və komandadan öz istəyi ilə getdi. Arif Əsədovu komandaya baş məşqçi təyin etdik. Mən bu kluba gələndən yalnız yerli məşqçilərlə işləmişəm və uğurları da onlarla birgə qazanmışıq. Azərbaycan futbolundakı ən böyük uğurları yerli məşqçilər qazanıb və bu, danılmaz bir statistikadı. Bu da bizim düz yolda olduğumuzu göstərir. “Neftçi” Azərbaycanın adlı-sanlı və köklü klubudu. Bu komandanın qarşısında çempionluqdan başqa nə vəzifə dura bilər ki?!
 
- Son oyunlarda “Neftçi” rəsmiləri hakim idarəçiliyindən narazılıq edirlər. Klub prezidenti kimi buna münasibətiniz necədi?
- Futbolda olan səhvlərdən, əsasən də hakim səhvlərindən heç kim sığortalanmayıb. Əgər hakimlər bizə qarşı ədalətsiz qərarlar qəbul edirsə, haqq sözümüzü deməliyik. Bu gün AFFA prezidenti Rövnəq Abdullayev futbolun inkişafı üçün əlindən gələni əsirgəmir. Futbolçular, məşqçilər, eləcə də hakimlər üçün çox şərait yaradılıb. Biz də futbol adamı olaraq, çalışıb bu etimadı doğrultmalıyıq. Futbolçu və məşqçilərlə yanaşı, hakimlər də öz üzərlərində çox işləyib ədalət prinsiplərini qorumalıdılar ki, komandaların haqqını tapdamasınlar. Yoxsa ki, biri udar, biri uduzar, sadəcə, hər bir qərar qəbul ediləndə məsuliyyət dərk edilməlidi. Respublikada yüksək səviyyədə futbol layihələri həyata keçirilir. 2020-ci il Avropa çempionatının 4 oyunu Bakı şəhərində təşkil olunacaq. Bütün bunlar dövlət başçısı İlham Əliyevin idmana, xüsusilə futbola göstərdiyi diqqətin nəticəsidi. Əlbəttə ki, AFFA rəhbərliyi də öz işini layiqincə görür. Hakimlər də yaradılan şəraitin qarşılığında çalışmalıdılar ki, bu gün Avropa arenasında ən yüksək səviyyəli oyunlara təyinat alsınlar. Oraya yol isə bizim milli çempionatdan keçir. Ədalətli idarəçilikdən heç kim narazı qalmaz.
 
- Qış fasiləsində “Neftçi”nin heyəti güclənəcəkmi?
- “Neftçi”nin heyətində çoxlu sayda yerli gənc futbolçular var. Hətta onlardan çoxunun yaşı 21-dən azdı. Hazırda həmin futbolçular start heyətində oynayırlar. Bu gün bizim futbolçulardan 5-i U-21, 4-ü isə əsas milliyə dəvət olunub. Əsas məqsədimiz gənc futbolçulara şans vermək və onları daha da inkişaf etdirməkdi. Əlbəttə, səviyyəli legioner futbolçularımız da var və onlar komandanı arxasınca aparacaq gücdədilər. Əgər hər hansı bir yeni futbolçuya ehtiyac olsa, bunu “Neftçi” ailəsi olaraq birgə müzakirə edəcəyik.

Xəbər xətti