Vitse-prezident sualları cavablandırıb
“Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov klubun rəsmi e-mail ünvanına göndərilən sualları cavablandırıb.
Sportal.az sizə həmin müsahibəni təqdim edir:
- AFFA-nın fan-klublar üzrə koordinatoru vəzifəsində çalışmısız. Son dönəmlərdə də "Neftçi" azarkeşlərini küsdürüb və "xalq komandası"nın oyunlarına əvvəlki qədər azarkeş gəlmir (Avrokuboklar istisnadı). Yeni klubunuzda azarkeşlərlə bağlı hansı işlər görməyi düşünürsüz?
- Azarkeşlər futbolun bəzəyidi və futbol azarkeşlər üçün oynanılır. “Neftçi” hər zaman azarkeş dəstəyini hiss edib və onlara çoxlu qələbə sevinci yaşadıb. Avrokubok oyunlarında stadionlarımızda demək olar ki, boş yerlər olmur. Çalışacağıq ki, “Neftçi”nin çempionat və kubok oyunları da eyni maraqla qarşılansın. Artıq bu gün bəzi fan-klublarla görüş keçirmişik. Bu görüşlər mütəmadi hal alacaq və inanıram ki, “Neftçi” azarkeşlərinin sayı artan xəttlə inkişaf edəcək.
- Elxan Məmmədov sizə "Neftçi"yə vitse-prezident təyin olunacağınız haqda xəbəri verəndə hansı hissləri keçirdiz?
- “Neftçi”də vitse-prezident vəzifəsini mənə klub prezidenti Sadıq Sadıqov şəxsən təklif etdi. Mən də öz növbəmdə bu təklifi müsbət qarşıladım və klubda fəaliyyətə başladım. Buna qədər Sadıq müəllimlə birlikdə dəfələrlə “Neftçi”nin “Bakcell Arena”da keçirilmiş oyunlarını izləmişik. Futbol mövzusunda müzakirələrimiz olub. Oyunların təşkili məsələləri ilə əlaqədar “Neftçi”nin rəsmiləri və ümumilikdə əməkdaşları ilə daim əlaqədə olmuşam.
- "Neftçi"nin heyəti növbəti çempionluq üçün yetərli deyil. Qış fasiləsində yeni futbolçuların alınması haqda düşünürsüzmü?
- “Neftçi” hazırki heyəti ilə bir çox uğurlar qazanıb. Komanda ötən mövsüm ölkə kubokunu əldə edib və Avropa Liqasının play-off mərhələsinə kimi irəliləyib. Hazırda transfer pəncərəsi bağlı olduğu üçün bu haqda danışmaq tezdir. Bu məsələlər qış fasiləsi ərəfəsində müzakirə olunacaq və müvafiq addımlar atılacaq.
- Uzun illərdi komandaya ancaq yerli baş məşqçilər təyin olunur. Gələcəkdə bu siyasət dəyişiləcəkmi?
- “Neftçi” klubunun məlum strategiyası var və bu tendensiya özünü doğruldur. “Neftçi” yerli məşqçilərlə Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. “Qarabağ” da bu nəticəni yerli mütəxəssislə göstərib. Təcrübə onu göstərir ki, klub futbolunda yerli mütəxəssislərə güvənmək öz müsbət nəticəsini verir.
- Çox maraqlıdı, niyə təqdimatınız mətbuata qapalı oldu? Olmazdı ki, mətbuat konfransı təşkil edib həm təqdimatınızı keçirərdiz, həm də jurnalistlərin suallarını canlı cavablandırardız?
- “Neftçi”dən gələn təklif mənim üçün də gözlənilməz oldu. Təqdimatı təntənəli şəkildə keçirməyə ehtiyac duymadıq. Müəyyən vaxt keçdikdən sonra mütəmadi olaraq mətbuata gördüyümüz işlər barəsində hesabat verəcəyik.
- Elxan Məmmədov heç vaxt jurnalistlərin telefon zənglərinə cavab verməyib. Onun kadrı olduğunuzu nəzərə alsaq, düşünmək olar ki, sizdən də hansısa açıqlama almaq üçün ancaq “Neftçi”nin bazasına gəlmək lazım olacaq?
- “Neftçi” hər zaman mətbuata açıq mövqeyini nümayiş etdirib. Bundan sonra da çalışacağıq ki, mətbuat nümayəndələri ilə münasibətlərimiz daha da möhkəmlənsin. Sadəcə olaraq hər bir peşəkar klubda olduğu kimi “Neftçi”nin də Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsi var və media nümayəndələri ilə ünsiyyət onların fəaliyyət sahəsinə daxildi. Jurnalistlər istənilən vaxt suallarını Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsi vasitəsi ilə kluba ünvanlaya bilərlər. Ünvanlanan bütün suallar qısa müddət ərzində klub tərəfindən cavablandırılacaq.
- "Neftçi"də işləmək təklifini konkret kimdən aldız?
- “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov şəxsən bu vəzifəni mənə təklif etdi. Düzü bir qədər gözlənilməz oldu. “Neftçi”də işləmək şərəfli eyni zamanda məsuliyyətli bir işdi. Buna qədər Sadıq müəllimlə birlikdə dəfələrlə “Neftçi”nin “Bakcell Arena”da keçirilmiş oyunlarını izləmişik. Futbol mövzusunda müzakirələrimiz çox olub. Oyunların təşkili məsələləri ilə əlaqədar “Neftçi”nin rəsmiləri və ümumilikdə əməkdaşları ilə daim əlaqədə olmuşam.
- Elxan Məmmədovla münasibətləriniz necədi? Çünki təyinatınızın Elxan Məmmədovun gerçəkləşdirdiyi fikri daha çox inandırıcıdı. Bu haqda nə deyə bilərsiz?
- AFFA-da 6 il müddətində Elxan Məmmədovun rəhbərliyi altında çalışmış və futbol sahəsində müəyyən təcrübə qazanmışam. Buna görə Elxan müəllimə öz minnətdarlığımı bildirirəm. Sadıq müəllim tərəfindən mənə edilən təklifi o da müsbət qarşıladı və gələcək fəaliyyətimdə uğurlar arzuladı.
- Sizin AFFA-ya Elxan Məmmədov tərəfindən gətirildiyiniz sirr deyil. "Neftçi" Elxan Məmmədovun nəzarətinə keçdi" fikirlərinə münasibətinizi bilmək istərdik...
- Bu gün futbolumuz AFFA prezidenti Rövnəq Abdullayev rəhbərliyi altında günbəgün inkişaf edir. Futbolda iri miqyaslı beynəlxalq layihələr həyata keçirilir. Bu inkişafın davamı olaraq klub futbolunda nəzərə çarpacaq uğurlar qazanılıb. Həm Elxan Məmmədov, həm də Sadıq Sadıqov futbolumuzun tərəqqisi üçün çalışan şəxslərdi. Məqsədimiz Azərbaycan futboluna layiqli şəkildə xidmət etməkdi.
- Nəyə görə AFFA-da işinizi davam etdirmədiz?
- AFFA-da çalışdığım 6 il müddətində çox qiymətli təcrübə toplamışam. Buna görə bir daha AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm. Sadəcə olaraq əmək məcəlləsinə əsasən eyni vaxtda yalnız bir iş yerində tam ştatlı fəaliyyət göstərmək mümkündü.
- Gənc kadr kimi işinizdə hansısa yeniliklər olacaq, islahatlar aparacaqsız?
- Ümumiyyətlə “Neftçi”də gənc yerli mütəxəssilərə hər zaman üstünlük verilib. Hətta klubun kollektivi də əsasən gənclərdən ibarətdir. İslahatlara gəldikdə isə “Neftçi”nin öz strategiyası və inkişaf xətti var və biz bu işin icraçılarıyıq. Klubda fəaliyyət göstərən hər bir əməkdaş kimi mən də üzərimə düşən işi ən yüksək səviyyədə yerinə yetirməyə çalışacam.
- Digər vitse-prezidentlərdən necə seçiləcəksiz?
- “Neftçi” bir komandadı. Komandanın uğur qazanması üçün hər kəs əlindən gələni etməlidi. Fərdlərin fəaliyyətini qabartmaq düzgün olmazdı. “Neftçi” son illərdə qazandığı uğurlarla düzgün yolda olduğunu nümayiş etdirib. Birlikdə çalışıb uğurların davamını gətirəcəyimizə inanıram.
- Mətbuatla əlaqələrdə hansı yeniliklər gözlənilir?
- “Neftçi” hər zaman mətbuata açıq mövqeyini nümayiş etdirib. Bundan sonra da çalışacağıq ki, mətbuat nümayəndələri ilə münasibətlərimiz daha da möhkəmlənsin. Sadəcə olaraq hər bir peşəkar klubda olduğu kimi “Neftçi”nin də Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsi var və media nümayəndələri ilə ünsiyyət onların fəaliyyət sahəsinə daxildi. Jurnalistlər istənilən vaxt suallarını Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsi vasitəsi ilə kluba ünvanlaya bilərlər.
- Tahir Süleymanov ictimaiyyətə açıq bir insan idi. Amma siz işə mətbuat konfransi keçirmədən, jurnalistlərlə görüşmədən başlayırsız. Belə olan halda "Neftçi" KİV-ə hansı mövqedə dayanacaq?
- “Neftçi”də fəaliyyətə başlamağımla bağlı təntənəli təqdimata ehtiyac duymadıq. Düşünürəm ki, müəyyən vaxt keçdikdən sonra mətbuat konfransı təşkil edərək gördüyümüz işlər barədə məlumat verəcəyik. “Neftçi” hər zaman mətbuata açıq klub olub və bundan sonra da media nümayəndələri ilə ünsiyyətimiz ən yüksək səviyyədə davam edəcək.