İlham Əliyev: "AVRO-2020-nin Bakıda keçirilməsi tarixi hadisədir"

13:01 - 3 Oktyabr 2014

Ölkə başçısından açıqlama

 

Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində iştirak edib. 

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı Forumun açılışında söylədiyi nitqdə Avro-2020-nin bir neçə oyununun Bakıda keçiriləyi ilə bağlı qərarı da xatırladıb:

 

“Gələn il birinci Avropa Oyunları, - buna qeyri-rəsmi Avropanın Olimpiya Oyunları deyirlər, - Bakıda keçiriləcək. Bu da çox əlamətdar hadisədir. Çünki Avropada bu günə qədər Olimpiada səviyyəsində yarışlar keçirilməmişdir. Burada da Azərbaycan öz namizədliyini irəli sürmüşdür və Avropanın olimpiya ailəsi bizə böyük etimad göstərmişdir.

 

 

2017-ci ildə isə İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir. Cəmi iki il ərzində həm Avropa, həm İslam Oyunları Azərbaycanda keçiriləcək. Bu da dediyim sözlərin təsdiqidir. Bu, bizim rolumuzdur və biz çalışırıq ki, xalqları birləşdirək. Onu da qeyd etmək istəyirəm ki, keçən ay bizim üçün çox önəmli və tarixi qərar qəbul edilmişdir - futbol üzrə Avropa çempionatı 2020-ci ildə, o cümlədən Bakıda keçiriləcək. Cəmi 13 şəhər - Avropanın 13 şəhəri seçilmişdir. Onlardan biri də Bakıdır. Yəni, budur bugünkü Azərbaycan. Biz Avropa ailəsinin üzvüyük, müsəlman ailəsinin üzvüyük və sübut edirik ki, bu, mümkündür. Biri o birisini inkar etmir və etməməlidir. Bu gün inkişafda olan ölkəmiz göstərir ki, düşünülmüş siyasət, cəmiyyətdə müsbət meyillər güclü olanda böyük uğurlara imza atmaq mümkündür”.

Xəbər xətti