Futbolda adınız var, yeriniz isə yoxdur!
Braziliyanın əfsanəvi futbolçusu Romario Rio-de-Janeyro ştatının deputatı seçilib. Bu, dünyada nə ilk, nə də son hadisədir. Keçmiş futbolçuların nazir təyin edilməsi, xalq hərəkatında iştirak etməsi kimi nümunələrə post-sovet ölkələrində də rast gəlmək olar, amma bizdə yox!
Heç kimin xətrinə dəymək istəməzdim, ancaq Azərbaycanda karyerasını bitirən futbolçuların əksəriyyətinə heç öz sahəsində ehtiyac olmur, o ki qaldı hökümətdə.
Futbolu bitirənlərdən yalnız adlı-sanlı məşqçi olan kiçik qismi dəyərini qoruyub saxlayır. Qalanları isə sanki qeybə çəkilir.
Təsəvvür eləyin, bir ölkənin futbol qurumunda və klublarında bu sahədən çox-çox uzaq adamlar çalışır, keşmiş futbolçular isə heç kimə lazım deyil. Çox absurd səslənir, elə deyilmi?
Çünki bizdə veteranlardan tutmuş nisbətən gənclərə qədər hamı susur, problemləri görüb onu ictimailəşdirməkdən çəkinirlər. Futbolumuza lazım olduqlarını isbatlaya bilmirlər. Onlar anlamırlar ki, futbola müxalif olmaq, dövlətə müxalif olmaq deyil!
Amma məsləhət sizindir. Susun, heç danışmayın…
Ona görə də, futbolda adınız var, yeriniz isə yoxdur!
Bu durum karyerasını davam etdirən futbolçularımız üçün də acı nümunə olmalıdır. Bu gün yaxşı pul qazanırlar, karyeraları davam etdiyi qədər hörmətli olacaqlar. Sonra isə.. Sonrasının yaxşı olması üçün dil öyrənməlidirlər, imkan olduqca mütaliə etməlidirlər ki, karyeralarını bitirəndə eyni halla üzləşməsinlər.
Amma xahiş edirəm, yazını oxuyub deməyin ki, bura Azərbaycandır. Bura Azərbaycan olmasaydı, çoxları layiq olmadığı paraları qazanmazdı. Bu dövlət idman jurnalistlərinə dəyər verməsə də, futbolçulara lazımı qədər dəstək verir.
Emin ABBASOV
P.S. Braziliyada deputat seçilən Romario son zamanlar iqtidarı, birbaşa ölkə başçısı Dilma Russefi ən çox tənqid eləyənlərdən idi. Yəni, susmaq heç də həmişə qızıl deyil.
saytlarin hazirlanmasi