"Məşqçilərin dediyinə görə, ən müsbət cəhətim sürətimdi"
"Qarabağ"ın yeni transferi İnnosent Emeqaranın müsahibəsini təqdim edirik
- Aldığınız dəvətin üstündən 1 ay keçdi, gəldiz. Niyə arada bu qədər vaxt itdi?
- Məni bura menecerim Şamo gətirib (Şamo Səfərov nəzərdə tutulur-red). Birinci təklif avqustda gəldi. Həmin vaxtadək, düzü, Azərbaycan çempionatına baxmamışdım, heç nədən xəbərim yox idi. Adi məlumatım da yox idi. Amma təklif gələndə o dəqiqə «yox-yox» da demədim. Maraqlandım, Bakını internetdə axtarıb tapdım. Baxıb gördüm ki, gedəcəyim şəhər kifayət qədər gözəldi. Sonra da komandayla maraqlandım. Gözlədiyimdən də uğurlu komanda olduğunu bildim «Qarabağ»ın. Mənə təzə təklif göndərmişdilər ki, Avroliqada qrup mərhələsinə düşdülər. Təəssüf ki, Avroliqada oynaya bilməyəcəm. Üzvü olduğum komandanın belə bir turnirdə iştirakı da mənimçün müsbət haldı. Karyeram üçün əsas odu ki, «Qarabağ» öz ölkəsində də iddialıdı və mənim də titul qazanmaq imkanım var.
- A Seriyasından Premyer Liqaya… Yəqin ki, gələcək karyeranızını nəzərə almısız.
- Müqayisə eləməyin yeri yoxdu. İtaliya böyük futbol ölkəsidi. Pis çıxmasın, İtaliyaya baxanda Azərbaycan kiçik futbol ölkəsidi. Böyük çempionatın kiçik klubunda oynamaqdansa, kiçik çempionatın böyük klubunda oynamaq daha yaxşıdı. Bu fikirlə gəldim «Qarabağ»a. Bu il Avroliqada oynaya bilməsəm də, gələn sezon Çempionlar Liqasının qrup mərhələsində oynaya bilərəm. İtaliyada bu şansı əldə etmək üçün gərək «top-klub»da oynaysan. Bu isə elə də asan deyil.
- A Seriyasında 40 oyuna 4 qol vuran hücumçuya başqa təkliflər gəlmişdi?
- «Siena»ya məxsus idim və bu klub müflis elan olunandan sonra mən də aftomatik sərbəst qaldım. Azad agent statusu alan istənilən oyunçuya kifayət qədər təkliflər gəlir. Mənə də bir neçəsi gəlmişdi. İtaliyadan soruşursuzsa, açığı, menecerimə əvvəlcədən demişdim ki, mən bu ölkədə qalmaq istəmirəm. Mühiti dəyişmək istədiyimi ona başa salmışdım. Əsas iki təklif İngiltərədən və Almaniyadan gəldi. «Uiqan» çempionşipdə oynadığı üçün getmədim. «Verder»lə danışıqlarım isə çox uzandı, sonda da alınmadı.
- Adətən, Avropanın güclü çempionatlarında çıxış edən futbolçular ərəb ölkələrindən sərfəli təkliflər alırlar. Çoxlu pul qazanmaq şansından imtina edənlər azdı.
- 25 yaşım var, ora getməyim çox tezdi. Heç maraqlanmadım da.
- İtaliya çempionatında xeyli oyun keçirmiş futbolçuya Avropanın göbəyində başqa klub tapmaq daha asandı. Siz həm də İsveçrə millisinin üzvüsüz. Deyirsiz ki, Azərbaycan kiçik futbol ölkəsidi. İndi mənə bu maraqlıdı ki, kiçik futbol ölkəsi sizi nə ilə özünə çəkdi?
- (xeyli gülür). Əgər sən məni burda görmək istəmirsənsə, çıxıb gedə bilərəm.
- İstəməzdim…
- Səmimiyyətimə inanın, İtaliyada da, Fransada da, İsveçrədə də kifayət qədər oynamışam və bu məsələdə mənə ən vacibi yaxşı komandada oynamaqdı. O şansın düşməsini gözləyirdim ki, ölkəsində çempionluğa oynayan komandanın formasını geyinim.
- Onda sizi təbrik etmək olar. Azərbaycanın ən güclü komandasına gəlmisiz.
- Çox sağ ol, təbrikə görə!
- Azərbaycanın ən güclü komandasını daha da güclü etməyə özünüzdə güc görürsüz?
- Əlbəttə ki! Bu gücü özümdə görməsəydim, bura niyə gəlirdim..?
- Ən güclü tərəfiniz kimi nəyi qeyd edə bilərsiz? Qol vurmaq bacarığınızı, kollektiv futbol oynamağınızı, meydanda mövqe seçiminizi, texnikalı hərəkətlərinizi…
- Məşqçilərin dediyinə görə, ən müsbət cəhətim sürətimdi. Kombinasyon futbol oynaya bilirəm. Hücumameylli oyunda «Qarabağ»a köməyim dəyəcək.
- «Qarabağ»ın yarımmüdafiə xətti çox yaxşı təşkil olunub. Komandanın gücünü artıran irəlidə Reynaldodu. Özünüzü o «11-lik»də görürsüz? Bu ansamblı tamamlaya biləcəksiz?
- «Sent-Etyen» və «İnter»lə oyunlara baxmışam. Bu gün ona görə burdayam ki, özümü əsas heyətdə görürəm. İnanıram ki, mən bu komandanın oyun stilinə uyğun gələcəm.
- Qurban Qurbanovun son transferisiz. Baş məşqçi, görəsən, sizdə hansı keyfiyyəti gördü ki, bu qədər vaxt keçəndən sonra transferinizə razılıq verdi?
- Baş məşqçidən özünüz soruşa bilərsiz bu sualın cavabını.
- Qurban Qurbanov istənilən legioneri götürəndə yüz ölçüb, bir biçir. Oyunu ilə bərabər, insani xüsusiyyətləri ilə dərindən maraqlanır. Bunu yəqin siz də artıq bilirsiz. Bəs o, ilk görüşünüzdə yadınızda nəylə qaldı?
- Müqavilə bağladıqdan sonra 10-15 dəqiqə söhbət elədik. Davranışından ilk təəsüratım bu oldu ki, ciddi insandı. İşə yanaşmağı peşəkardı. Xüsusi onu qeyd edə bilərəm ki, intligentdi. Dedi ki, mənim üçün futbolçunun xasiyyəti hər şeydən önəmlidi.
- Xasiyyətinizi necə xarakterizə edə bilərsiz?
- İki Emeqaradan daeışa bilərəm. Meydandakı Emeqara və meydandan kənardakı Emeqara. Bir-birlərindən tam fərqlidilər. Meydandan kənarda həddindən artıq açıq adamam. Danışım, deyim-gülüm, dostlaşım. Meydanda isə tamam dəyişirəm. Məşq olsun, oyun olsun, sifətim dəyişir, heç kimlə zarafat eləmərəm.
- Deyirsiz, indi biz yazaq ki, «Qarabağ»a həm yaxşı legioner, həm də yaxşı oğlan gəlib?
- (gülür) Manşetə də çıxara bilərsən.
- Deyib-gülən olmağınıza görə mən sizi braziliyalılara daha çox oxşadıram.
- Ola bilər, normal haldı.
- Ona görə də məncə, «Qarabağ»a tez adaptasiya olacaqsız. Burda braziliyalılar çoxdu.
- İki məşqə çıxmışam. Özüm də hiss eləyirəm ki, komandada şən əhval-ruhiyyə var. Artıq yeni gəldiyimi unuduram, sıxılmıram.
- A Seriyasında «İnter»ə vurduğunuz qolun videosunu internetdən tapıb izlədim. Yəqin ki, İtaliya xatirələriniz daha bir çox hadisə və qollarla zəngindi.
- İtalyada futbola münasibət… Futbol dəlisidilər. Camaatın əlindən küçəyə çıxmaq olmur. Məşqdə də stadionu doldururlar. Futbolçuları yaxşı tanıyırlar. Bir yerə gedirsən, onlarla adam eyni vaxt gəlib sənlə şəkil çəkdirir, avtoqraf alır. Həmin o «İnter»lə oyun İtaliyada debütüm olub. «Siena»da birinci oyunumdan qabaq çox həyacanlı idim. Çünki mənim üçün birinci oyun həmişə vacibdi. Uğurlu alındı. Bir qol vurdum, bir də penalti elədim, hakim «İnter»in müdafiəçisinə qırmızı vərəqə göstərdi. «İnter» onda Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparırdı, biz isə düşmə zonasındaydıq. 3 xal «Siena»ya çox lazımıydı. O oyundan sonra artıq bütün İtaliya məni tanıdı.
- «Qarabağ» Avroliqada «İnter»lə qarşılaşdı. Əgər yeni komandanızın formasını geyinib «Cüzeppe Meatsa»ya getsəydiz, bu, italiyalı azarkeşləri təəccübləndirərdi?
- Deyə bilmərəm. Həmin vaxt stadionda olanları təsəvvürümə gətirməyə çətinlik çəkirəm. «Qarabağ» Milanda yaxşı futbol oynadı. «Siena»dan geri qalan oyun nümayiş etdirdiyini deməzdim. Sadəcə, «İnter»in bəxti gətirdi, o qolları vurdu. «Qarabağ»da da fərqlənməyə imkan az deyildi.
- Üçyalıq ilkin müqavilə bağlamısız. Şərt budu ki, özünüzü göstərsəz, müddəti uzadılacaq.
- Seçimdən bir də danışası olsam, «Qarabağ»a gəlməyi karyeramda geriləmə saymıram. Üçaylıq müqavilə məni təzyiq altında saxlamayacaq. Nəyin yaxşı, nəyin pis olacağını 3 ay sonra baş məşqəçi də görəcək, mən də. Özümə güvənirəm və uzun müddət burda qalacağıma əminəm.
- Əslən nigeriyalısız, amma İsveçrə yığmasının şərəfini qoruyursuz. Niyə tarixi vətəninizi seçmədiz?
- Nigeriyadan 13 yaşımda köçmüşəm. Anamla gəldik İsveçrəyə. Futbola da burda başlamışam. Ona görə elə İsveçrə də mənim vətənimdi. Düzünü deyim ki, müəyyən yaşadək özüm də arzulamışam ki, Nigeriyanın formasını geyinim. Sonra böyüdüm və fikrim dəyişdi. Təklif gəldi, mən də qəbul elədim.
- İtatiyada oynadığınız bu son illərdə millidən dəvət almadız. Braziliyadakı dünya çempionatına da aparılmadız. A Seriyasından milliyə düşməyən futbolçunun artıq bu dəftəri bağladığını deyə bilərik?
- Ottmar Hisfeldin qərarı idi bu. İsveçrə millisinə dəvət almaq üçün çoxlu qol vurmalısan. İtaliyada son mövsümü məhsuldar keçirə bilmədim və dünya çempionatına aparılmadım. Məndən başqa da İtaliyada oynayan futbolçularımız var, onlar da götürülmədi. Almaniyada və Rusiyada oynayanlardan da çağırılmayanlar oldu. Yeni baş məşqçinin Azərbaycan çempionatını izləyəcəyini bilmirəm. Burda özümü göstərsəm, çoxlu qollar vursam, yenə qıraqda qalmaram. Mənim indi məhsuldarlıq şansım daha çoxdu və «Qarabağ»ın milliyə yolumu təkrar açacağına şübhəm yoxdu.
Mənbə: Sportinfo.az
saytlarin hazirlanmasi