ÇL-in qrupuna düşmək lazımdır
Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qarabağ” sərgilədiyi oyunla hamıda bir ümid yaradıb. Nə qədər real görünməsə də, azarkeşlər “Qarabağ”ın “play-off”a çıxacağına inanırlar.
Qurban Qurbanovun komandası İtaliyada “İnter”ə qarşı yaxşı oynadı, məğlubiyyətə haqq etmədi. Açıq-aşkar göründü ki, Matsari Qurbanovu yox, “İnter”li futbolçuların ustalıq səviyyəsi “Qarabağ”ı üstələdi.
Bəli, bu məqam bir daha göstərir ki, belə səviyyədə mübarizə aparmaq üçün heyətdə səviyyəli legionerlər olmalıdır. Bunun üçünsə əlavə maliyyə vəsaiti gərəkir. Və bu vəsaiti qazanmaq olar.
Azərbaycan meyarlarına görə olduqca baxımlı futbol sərgiləyən “Qarabağ”ın güclənməsi üçün ən ideal variant Çempionlar Liqasının qrupuna düşməkdir. Belə ki, ÇL-də qrupa düşən hər komanda 8,6 milyon avro gəlir əldə edir. Hər qələbə əlavə 1milyon, heç-heçə isə 500 min avro qazandırır.
Büdcəsi təxminən 9 milyon avro olan “Qarabağ” UEFA-dan orta hesabla əlavə 10 milyon da alsa, bu, komandanın ikiqat güclənməsi anlamına gəlir. Həmin pula 3 legioner alıb, hərəsi ilə 3 illik müqavilə bağlamaq olar. Bu o deməkdir ki, qarşıdakı 3 ildə heç olmasa 1 dəfə qrup mərhələsinə düşməklə bu heyəti qorumaq mümkün olacaq.
Ancaq Qurban Qurbanovun “Qarabağ”ı daha güclü etməsi üçün ən azı bir dəfə ÇL-in qrupuna düşmək gərəkir.
Emin ABBASOV
saytlarin hazirlanmasi