"Milli komanda "Qarabağ"dan nümunə götürməlidi" MÜSAHİBƏ

15:30 - 10 Oktyabr 2014

"İlk dəqiqələrdən pressinq tətbiq etməklə, rəqibi çaş-baş salmalıyıq"

 

Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov apasport.az saytına müsahibəsi verib. Maraqlı olduğunu nəzərə alaraq, Sportal.az həmin müsahibəni təqdim edir. 

 

- Millimiz bu gün 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Palermoda İtaliyaya qarşı keçiriləcək görüşlə bağlı nə düşünürsünüz?

- Komandamız qrupun favoritinə, ən güclüsünə qarşı mübarizə aparacaq. Matçın ağır keçəcəyini indidən demək olar. Reallıq xeyrimizə olmasa belə, bunu xeyrimizə dəyişdirmək gücündəyik. Yığmamızın İtaliyada ötən seçmə mərhələnin son 3 oyununun davamını gətirəcəyinə inanıram. Futbolçuların sona qədər mübarizə aparacaqlarını, ən əsası, sonda bizi məyus etməyəcəklərini gözləyirəm.

 

- Yığmamızın heyətində ciddi itkilər var. Təcrübəli futbolçulardan bir neçəsi komandaya dəvət edilməyib, bəziləri isə zədəli olduqları üçün kənarda qalıb. Onların yoxluğu təsirsiz ötüşəcəkmi?

- Fikrimcə, millidə əvəzedilməz futbolçu olmamalıdı. Bir tərəfdən razıyam ki, bu gün təcrübəli futbolçulara ehtiyacımız var. Amma seçimi baş məşqçi edir. Digər yandan, zədəli futbolçular var, hansı ki, onlara Xorvatiya ilə oyuna hazır olmaları üçün istirahət verilib. Bütün bunlara baxmayaraq, milli tək-tük futbolçudan asılı deyil. Biz komanda oyunu ilə güclü olmalı, seçilməliyik.  

 

- Mahir Şükürov heyətə dəvət edilmədi, Ruslan Əmircanov isə zədəlidi. Bu amillər komandamızın sağ cinahında problem yarada bilərmi?

- Müdafiənin sağ cinahında Maksim Medvedevlə  İlkin Qırtımov da oynaya bilərlər. Seçimi baş məşqçi edibsə, görünür, hansısa futbolçulara güvənib bu addımı atıb.

 

- Vaxtilə millini İtaliyaya qarşı görüşə çıxarmısınız. Onlara qarşı necə oynamalıyıq: 90 dəqiqə müdafiədə “oturmalı”yıq, yoxsa...

- Qətiyyən! İtaliya millisi də düşünür ki, yığmamız 90 dəqiqə müdafiədə oturacaq. Belə olan təqdirdə də boşluqlar verəcəklər, rəqib də qol vuracaq. Fikrimcə, gözlənilməyən addımlar atılmalıdı. İnamlı oyuna üstünlük verməklə, İtaliyaya oyunu idarə etməyə, öz oyununu nümayiş etdirməsinə imkan verməməliyik. Milanda “İnter” - “Qarabağ” görüşündə bunun şahidi olduq. İlk 15 dəqiqədə fəallığı ilə diqqət çəkən “Qarabağ” milli üçün nümunə ola bilər. Yəni, yığmamız ilk dəqiqələrdən fəal olmalı, fəallığı ilə seçilməli, rəqibə topa nəzarət etməyə imkan verməməlidi. İlk dəqiqələrdən pressinq tətbiq etməklə, rəqibi çaş-baş salmalıyıq.

 

- Yığmamız 3 gündən sonra daha bir güclü rəqiblə - Xorvatiya ilə qarşılaşacaq...

- Bu gün zəif komanda yoxdu. Xorvatiya yığmasının Maltanın qapısına ikinci hissədə yol tapdığını nəzərə alsaq, deməli, hər bir komandaya qarşı mübarizə aparmaq mümkündü. Düzdü, vaxt az olduğundan yorğunluq hiss oluna bilər, amma daxilən güclü olmalı, özünəinam olmalıdı. Futbol oynamağı bacardığını anlamalı, eyni zamanda vətən üçün oynadığımı dərk etməliyik.

 

- Qısa vaxt ərzində qrupun iki favoritinə qarşı oyunun ağırlığına yığmamızın üzvləri tab gətirə biləcəkmi?

- Niyə də yox? Psixoloji cəhətdən niyə məğlub duruma düşməliyik ki? Əgər Avropada bu cür tempdə oynayırlarsa, biz niyə sözümüzü deməməliyik? Yığmanın qarşısına pley-off mərhələsinə yüksəlmək vəzifəsi qoyulubsa, bu rəqiblərlə oyunlarda əsl gücümüzü göstərməliyik. Bunu futbolçuların və məşqçi heyətinin dərk etdiyinə inanıram.

 

- Komandamızın pley-offa yüksəlmək şansı realdırmı?

- Hələ 1 oyunda məğlub olmuşuq. Qarşıda isə 9 matç var və uğurlu nəticələr əldə etməklə, sona qədər mübarizə aparmaqla, hər bir oyundan damcı-damcı xal toplamaqla niyə də bunu reallaşdırmayaq? Ancaq bu məsələyə ilin sonunda qayıda bilərik. Çünki yığmamız daha 3 oyun keçirəcək və bu matçlardan sonra nəsə demək olar. Əgər məqsəd qoyulubsa, buna nail olmaq üçün yığmamız əlindən gələni etməlidi.

Xəbər xətti