Millimizin nəzərinə: Bizi Xorvatiyada nə gözləyir və ya Malta "Maksimir"də necə döyüşüb? YAZI

17:35 - 12 Oktyabr 2014

Modriç, Rakitiç, Mandjukiç və başqaları

 

AVRO-2016 həyəcanı davam eləyir. Sabah millimiz səfərdə Xorvatiya ilə oyuna çıxacaq.

 

Səfər oyunları bizim üçün həmişə çətin keçib. Palermodakı oyundan sonra istirahət üçün də vaxt çox az olub. Bu, səfər matçında durumumuzu daha da çətinləşdirəcək.

 

Qrupumuzda yer alan 6 millidən 4-ü qarşısına final mərhələsinə qatılmaq vəzifəsi qoyub. Düzdür, həmin fikri Berti Foqtslu AFFA-da səsləndirib. Ancaq H qrupunda yer alan yığmalardan çətin ki, hansısa biri AFFA-nın niyyətini ciddiyə alsın.

 

İlk iki turdan sonrakı mənzərəyə görə deyə bilərik ki, bizim qrupun favoritlərindən biri Xorvatiyadır.

 

Xorvatiya seçmə mərhələyə evdə Maltaya qarşı oyunla başlayıb. Çoxlarının gözləmədiyi halda ilk təhlükəli hücumu Malta təşkil edib. Rayan Kamilleri Xorvatiyanın qapıçısı ilə təkbətək çıxsa da, topu tora göndərə bilməyib. Artıq oyunun 31-ci dəqiqəsindən etibarən Malta meydanda azlıqda qalıb. Stiv Borq qırmızı vərəqə alıb. Buna baxmayaraq, birinci hissə qolsuz bərabərliklə sona çatıb.

 

İkinci hissənin əvvəlində Luka Modriç hesabı açsa da, xorvatiyalı azarkeşlər ikinci qolu bir qədər gözləməli olublar. Nəhayət 81-ci dəqiqədə Andrey Kramariç fərqlənib. Xorvatiya Malta üzərində 2:0 hesablı qələbəni bayram edib.

 

Xorvatiya Bolqarıstan səfərindən də qələbəylə qayıtdı. Ancaq xorvatlar bu qələbəyə görə xeyli tər tökməli oldular. Nəticədə 1:0 hesablı qələbə Xorvatiyanın aktivinə daha 3 xal yazdırdı.

 

Bolqarıstanla oyunda Xorvatiya millisinin ən yaxşısı “Real”ın ulduzu Luka Modriç oldu. Həmin oyunda bütün hücumların qurucusu Modriç idi. Orta sahədə yer alan “Berselona”lı Rakitiç də yığmanın gücünə güc qatır. Hücum xəttində yer alan Mandjukic-Oliç cütlüyünün də artıq təqdimata ehtiyacı yoxdur. Xorvatiyanın qapısı da etibarlı əllərdədir. Daniel Subaşıç millinin heyətində ən yaxşılardandır. Xorvatiyanın heyətində Srna və Çorluka kimi təcrübəli futbolçuları da unutmaq olmaz.

 

Bizi Xorvatiyada çox çətin oyun gözləyir. “Barselona”, “Real”, “Atletiko” kimi klublarda çıxış edən futbolçulara qarşı evdə oynamaq çətindir, o ki qaldı səfərdə. Bəlli məsələdir ki, Xorvatiya ilk dəqiqələrdən hücuma keçəcək. Ancaq ortada Malta təcrübəsi var. Belə komandalara qarşı oyunlarda nəticə qazanmaq üçün əzmkarlıq nümayiş etdirmək gərəkir. Ustalıq səviyyəsində belə yığmaları üstələmək xeyli çətin məsələdir.   

 

Emin ABBASOV

Xəbər xətti