Ola bilər ki, xorvatlar da aqressiv oynasınlar
Milli komandamızın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına verdiyi müsahibəni təqdim eririk:
- Xorvatiya ilə oyundan nə gözləyirsiz?
- Çox istərdim ki, komandamız Osiyekdə də Palermodakı kimi oynasın. Belə olan halda nəyəsə ümid edə bilərik.
- Axı İtaliya ilə oyunda məğlub olduq...
- Biz heç kimdən çəkinmirik. İtaliya ilə oyunda da çəkinmədən oynadıq. Fikrimcə, onlara qarşı yaxşı müqavimət göstərdik. Ümumiyyətlə, İtaliya ilə oyun bizim son illərdə qorxu hissi keçirmədən oynadığımız ən yaxşı matçlarımızdan biri oldu.
- Bəs yenilgiyə nə səbəb oldu?
- Hər şey ustalıq səviyyəsindəki fərqdən irəli gəlir. Biz italyanlara demək olar ki, heç nədə uduzmurduq. Onlar bizi sadəcə, ustalıqda üstələdilər. Təəssüf ki, bu, indiki halda yığmamız üçün normal haldı. Biz elementar səhvlər buraxırıq.
- Palermodakı oyuna özünüz hansı istəklə çıxmışdız?
- Şəxsən mən uduzmayacağımıza çox inanırdım. Nəsə oyun ərəfəsində məndə elə bir hiss var idi. Hətta uşaqlara da bunu demişdim. Amma alınmadı.
- Xorvatiya yığmasının heyətində kimi qeyd edə bilərsiz?
- Onların da heyətində usta futbolçular çoxdu. Modriç, Çorluka, Rakitiç və s. Təhlükəli futbolçuları çoxdu.
- Xorvatiya ilə oyun İtaliya ilə görüşdən daha çətin ola bilər?
- Mümkündü ki, elə də olsun. Hələ ki, dəqiq bir söz demək çətindi. Amma İtaliyadakı kimi oynaya bilsək, qorxu hissi olmasa, hər şeyin normal olacağına inanıram.
- Xorvatların daha aqressiv oynayacağını düşünmürsüz?
- Bilmirəm. Ola bilər ki, xorvatlar da aqressiv oynasınlar. Amma Palermodakı oyun göstərdi ki, Azərbaycan yığması rəqibdən qorxmadan da oynaya bilir. Ümid edirəm ki, bu, Osiyekdə də bizə kömək edəcək.
saytlarin hazirlanmasi