Rəşad Sadıqov, qorxaq futbol necə olur? YAZI

18:30 - 12 Oktyabr 2014

Siz qorxmadan oynayırdız Karlos Alberto Torresin vaxtında

 

Millimizin kapitanı Rəşad Sadıqovun müsahibəsini oxudum. Adam iddia edir ki, millimiz İtaliyaya qarşı çəkinmədən, qorxu hissi olmadan oynayıb.

 

Bu fikirləri oxuyandan sonra heç bilmirəm bu günümüzə gülüm, yoxsa ağlayım...

 

Qorxmadan oynadığımız futbol budursa, gör, bir az qorxuya düşsək, axırı necə qurtaracaq?

 

İtaliya ilə oyunda millimiz az qala bütün komanda ilə müdafiə olunur, hamı yığışıb cərimə meydançamıza. Mərkəzi keçmək söhbəti də yoxdur, 2-3 ötürmədən sonra top kimin ayağına düşürsə, ayaqları əsir və topu tutub alırlar ondan. Rəşad Sadıqov isə deyir ki, İtaliya ilə oyun bizim son illərdə qorxu hissi keçirmədən oynadığımız ən yaxşı matçlarımızdan biri oldu.

 

Oyunboyu rəqibin qapısına bir düz-əməlli zərbə vura bilməmişik. Qol olan künc zərbəsi zamanı da Rauf Əliyev ayağı dolaşa-dolaşa rəqibi necə keçdi, bəlkə heç özü də bilmədi. 

 

Hə, o başqa məsələdir ki, oyun başlayan kimi vurduz Zazanın gözünün altını qaraltdız. Amma onun gözünü qaraltdız, gözünün odunu isə ala bilmədiz. Adam oyunboyu müdafiəçilərimizi arxasınca “sürüdü”.

 

Rəşad Sadıqov, siz qorxmadan oynayırdız Karlos Alberto Torresin vaxtında. İndi o bədbəxt neyləsin ki, hər hücum qapımıza qol olurdu. Sizin İtaliya ilə oyunda baş məşqçiniz onun kimi naxışı olmayan biri olsaydı, Kamran Ağayev 4-5 dəfə topu tordan çıxarmalı olacaqdı.

 

 

Rəşad Sadıqov deyib ki, Xorvatiyada İtaliyadakı kimi oynasaq, yaxşı olacağına ümid edirəm. Bu millətə yazığınız gəlmir? Sənə bir sirr açım. Xorvatlar İtalyanlardan daha aqressivdilər və Palermodakı səhvlər Osiyekdə türklər demişkən, “kolay-kolay” əfv edilməyəcək!  

 

Bir də ki, İtaliyada qorxmadan oynamışıqsa, qorxaq futbol necə olur?

 

Emin ABBASOV

Xəbər xətti